Xəbər verdiyimiz kimi, iqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin olunub.
Yenicag.az yeni nazir müavini təyin olunan Əliyev Elnur Aydın oğlunun dosyesini təqdim edir.
36 yaşlı Elnur Əliyev Mikayıl Cabbarova elə də yad sima deyil. Belə ki, onlar daha öncə də eyni qurumlarda birgə çalışıblar.
Məlumata görə, Elnur Əliyev vaxtı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Mikayıl Cabbarovun köməkçisi kimi fəaliyyət göstərib. M.Cabbarov təhsil naziri ikən Elnur Əliyev Nazirliyin informasiya şöbəsinin müdiri vəzifəsində gətirilib. O, eyni zamanda bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.
Bakı Dövlət Universitetinin məzunu olan E.Əliyev Vergilər Nazirliyində də Mikayıl Cabbarovla birgə çalışıb. 2017-ci ildə M.Cabbarov vergilər naziri təyin ediləndə, E.Əliyev onun müşaviri vəzifəsinə gətirilib.
Qeyd edək ki, Elnur Əliyev ixtisasca hüquqşunasdır. BDU-nun hüquq fakültəsində bakalavriat səviyyəsi üzrə hüquqşünaslıq, magistratura səviyyəsi üzrə cinayət hüququ ixtisaslarına yiyələnib. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində (King’s College London) beynəlxalq biznes hüququ ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıdıb.
www.yenicag.az