“Qazaxıstanda əmək məhsuldarlığı o qədər yuxarı deyil ki, həftədə 40 saatda görülən işi 32 saatda yerinə yetirib, 4 günlük iş həftəsinə keçsin”.
Yenicag.az xəbər verir ki, bunu Qazaxıstanın 4 günlük iş rejiminə keçməsi məlumatına münasibət bildirən iqtisadi ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, Belçika, Avropa Biriliyində ilk dəfə 2022-ci ilin noyabrında başlayaraq işçilərə həftəlik iş saatlarını 5 deyil, 4 gündə tamamlamağa icazə verən ilk ölkə olub.
“Hazırda Belçikada işçilərin yalnız 0,73 faizi həftədə 4 gün işləyir. İşçi sayı 1000-dən az olan yerlərdə isə bu daha çətindir. 38 saatlıq iş həftəsi olan Belçikada bu hələ də mümkün olmursa, 40 saatlıq iş həftəsi olan Qazaxıstanda 4 günə keçirilə bilinməz.
Belə ki, əslində, Qazaxıstan Respublikasının Əmək Məcəlləsində edilən dəyişiklikdə qeyd edilir ki, tərəflərin razılığı ilə Əmək Müqaviləsi beş günlük və ya altı günlük iş həftəsi ilə əvəzlənmək hüququ ilə dördgünlük iş həftəsi təyin etməyə imkan verir. Həmin Əmək Məcəlləsinin 78-ci maddəsində iş vaxtından artıq işlərin ayda 12 saatdan çox olmaması tələb kimi qoyulur.
İqtisadçı “4 günlük iş həftəsi” məsələsini belə izah edib:
“4 günlük iş həftəsi məsələsi belədir ki, işçi bir ayda elə həftə olar ki 4 gün, elə həftə olar ki, 5 gün, elə həftə də olar ki, 6 gün işləyə bilər. Yəni Əmək Məcəlləsindəki “uçot müddəti” deyilən bir anlayış var. Buna uyğun olaraq, hansı həftədə 4 gün, hansında 6 gün olmasını işəgötürən və işçi razılaşaraq, qərar verə bilər.
İşçi əvvəl bir ayda 40 kamaz daş daşıyırdısa, yenə də 40 kamaz daş daşıyacaq. Sadəcə indi ona işəgötürən icazə versə, cümə günü daşıdığı daşı həftənin ilk 4 günü işdən sonra qalıb daşıya bilər, amma işdən sonra aylıq 12 saatdan çox işləmək olmaz. Ya da birinci həftənin cümə günü evdə qalmaq istəsə, bunun əvəzində ikinci həftənin şənbə günü işləyəcək.
www.yenicag.az