Əslində bütün günahlar Əli Həziquliyevdədir. Ona irad tuta-tuta, ona oxşadıq…
Bir qədər əvvələ qayıdaq… Biz özünü mətbuatda təsdiqlətmək istəyən, hər eşitdiyini xəbər sanıb, stəkanda fırtına yaratmaq eşqində olan gənclərdik…
Redaksiyalarda yazılarımız ixtisar olunub, şəklimizə yer verilmədiyi üçün bəzən küsən cavan reportyorlar…
Əli Həziquliyev tam istədiyimiz baş redaktordu…
Yazımıza qarışmayan, bol-bol şəklimizin qəzetdə getməsinə şərait yaradan baş redaktor…
Əli Həziquliyev bəzən bir çox tanışınına əleyhinə gedən yazılardan yalnız onlar zəng vurarsa, xəbərdar olacaq qədər qəzeti gənclərə əmanət etmişdi…
“Elçi”də işləmək o qədər keyifliydi ki, qonorar veriləndən verilənə yazı yazdığımıza görə, pul aldığımızı xatırlayırdıq…
Bəndəniz bundan sonra harada işləsə də, Əli ilə Afiqin zəhmətini gözardı etsə, gözündən gələr öyrətdikləri…
Nəticədə bizlər böyüdük və bir-bir ata yurdunu tərk etdik…
Ancaq Əli Həziquliyevdən öyrəndiklərimiz bizi tərk etmədi…
Gənclərə nə istəyirsə yazmaq imkanı tanımaq Əli Həziquliyevdən bizə yadigardı…
Bəzən gedən yazılardan xəbərsiz olmaq da ondan qalma xüsusiyyətdir…
Qəzetə ən azından çapa gedənə qədər nəzarət etmə imkanı vardı…
İndi sayta 24 saat necə nəzarət edəsən?
Fəqət bir çox dost elə bilir ki, saytın rəhbəri yemir-içmir, bütün günü saytdadır…
Əlbət ki, diqqətimizdən qaçan olur…
Əlbət ki, bəzən müdafiə etdiyimiz prinsiplərə zidd yazılar da olur…
Bəzən gecə telefondan ötəri baxış atmaq üçün sayta daxil olanda görürsən ki, vay, filan dost da “bəzədilib”…
Və ya dərd orasındadır ki, min bir problemlərlə çarpışdığın zaman telefonda sənə məzəmmət edən dostun, “ayıb deyilmi, ölkədə adammı qalmadı, məndən yazırsan” deyə. Qalırsan iki od arasında. “Nə yazı?” desən deyəcək, sən hara baxırsan, yazını müdafiə etmək istəsən, söhbətin nədən getdiyini bilmirsən… O anda atacağın tək addım “Toplantıdayam” deyib, anında sayta daxil olmaqdır…
Zavallı hardan bilsin ki, jurnalistdən fərqli olaraq, sayt rəhbərinin həll etməsi gərəkən o qədər məsələ var ki, onlardan imkan tapanda sayta baxa bilir…
O sayt rəhbəri ki, Əli Həziquliyev məktəbini keçib, gərək belə halları ona güzəşt edəsiniz…
İndi günah kimdədir, cənab Həziquliyev?
P.S. Yazını Əli Həziquliyevlə başladımsa, onunla bağlı bir xatirə ilə də bitirmək lazım. 1 iyul 2003-cü il. Səhər universitetdə diplomlarımız veriləcək. Qonaqlıq üçün pul lazımdır. Cibdə para yox… Saat 15.00. Əli Həziquliyevə zəng vurdum. “Get redaksiyada məni gözlə” dedi… Saat 17.00. Əlidən xəbər yoxdur. Saat 20.00. Əlidən xəbər yoxdur. Saat 23.00. Əlidən xəbər gələcəyinə ümid azalıb. Saat 00.30. Əlidən əlimiz tamamən üzülüb. Amma hələ də “gözlə” deyir. Saat 01.00. Əli gəlir və üzümüz gülür. Artıq ümid var gələcəyə… Çalışın, siz də Əli kimi baş redaktor olun…
www.yenicag.az