!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bizi Ərdoğana şikayət edənlərin Fatih Baltacı ilə ortaqlığı… – Video

!Reklam – Yazi

Əslində 2014-cü il çox hərəkətli başladı bizim üçün…

Yanvarın 19-da İstanbulda Tələt Paşa Komitəsinin yalançı erməni soyqırımına qarşı hüquqi mübarizəyə həsr olunan beynəlxalq konfransın Azərbaycandan olan qonağı idim və milllətimin haqqını bir daha o kürsüdə müdafiə etdim.

Fevralda 2007-ci ildən etibarən “Xocalını unutma, unutdurma” ənənəvi proqramıma sadiq olaraq, bir sıra tanınmış türk televiziyasında “Xəbərlər” proqramlarında (ki, izləyici baxımından ən aktiv saatlardır) Xocalı soyqırımından bəhs etdim. Yenə mənim və dostlarımın təşkil etdiyi Xocalı soyqırımı ilə bağlı konfransda məruzəçi oldum.

Mart ayında Türkiyənin dörd ayrı yerində dörd ayrı konfransa qatılaraq,  Xocalı və 31 mart soyqırımlarını anlatdım. İstanbul Haliç Universitetindən Bursa-İnegölə qədər getdik… (https://yenicag.az/?p=4131)

May ayında Qazaxıstanda Turan Qurultayındaydım. Gətirdiyimiz kitablarla Qarabağ sərgisi açaraq, Türk Dünyasının dörd bir yanından gələn insanlara dərdimizi anlatdıq… Yetmədi… Xoca Əhməd Yasəvini ziyarət edib, o böyük zatın adını daşıyan universitetdə Qarabağdan danışdıq…(https://yenicag.az/?p=13038)

İyun ayında Urfadaydım. “Kanal Urfa”da Azərbaycandan danışıb, proqramlarında istifadə etmələri üçün Qarabağla bağlı materiallar hədiyyə etdim. Peyğəmbərlər şəhərindən Sultanlar şəhəri Urfaya gəldim. Beynəlxalq Ərtuğrul Qazini Anma Şölənində Azərbaycandan gələn heyətin sözçüsü olaraq çıxış etdim və hər kəsin heyran qaldığı, bayraqlarla əhatə olunan Qarabağla bağlı kitab sərgisini təşkil etdim… (https://yenicag.az/?p=17165)

Sentyabrda yenə İstanbuldaydım. Taleyüklü məsələlərdən danışdıq “A Haber”də…

Dekabrda yenə getmişdim. Azərbaycanın bayrağının dalğalandığı tədbirlərdə iştirak etdim. Səfər Karakoyunlunun, Hikmet Elpin keçirdiyi bayram tədbirlərinə dəvətli idim…

Artıq 2015-ci ildəyik. Bu il daha tez başladı…

Sarıqamışda, 90 min şəhid türk əsgəri üçün keçirilən Əsrin Yürüşündə Azərbaycan bayraqları ilə qatıldıq… O əsgərlər o dağı keçə bilsəydilər, bəlkə Azərbaycan heç bir zaman rus işğalına məruz qalmayacaq, Türk Dünyasının qədəri tamam başqa cür yazılacaqdı. Bəlkə bu gün bütün türk məktəblərində Mustafa Kamal Paşa yerinə Ənvər Paşanın şəkilləri bəzəyəcəkdi. Olmadı… Qədər… Biz o qəhrəman türk ordusunu sadəcə özümüz deyil, Azərbaycandan apardığımız bayraqlarla oradakı yüzlərlə insanın üç rəngli bayrağımızla yürüməsinə vəsilə olduq…

Qarşıda yeni tədbirlər, yeni planlar var… 2015-ci ildə yatmaq bizə haram qılındı… Azərbaycan üçün, Türk Dünyası üçün mübarizəmiz davam edəcək…

Bütün bu mübarizəmiz davam edərkən, bizi susdurmaq istəyənlər, əlimizi-qolumuzu bağlamaq istəyənlər çox oldu… Sabah onlardan birisi ilə məhkəmədə qarşılaşacağıq…

Biz bu duruma çoxdan alışdıq… Sağ olsun, Elnur Aslanovun sayəsində illərlə canımızla, qanımızla, qələmimizlə daim əmrində olduğumuz vətəndən, dövlətdən ögey övlad münasibəti gördük… Görməkdə də davam edirik… Dövlətin pulları Xəzər Strateji İnstitutu kimi Azərbaycana heç bir faydası olmayan yerlərə sərf olunarkən, bu sətirlərin müəllifi kredit kartı ilə bilet alaraq, Xocalını, Qarabağı anlatmaq üçün Türkiyənin dörd bir yanını gəzdi və əlindəki sıfır imkanla ortaya milyonlara sahib olanlardan daha ciddi nəticə qoydu…

***

Sabah isə məhkəmədir. Biz SOCAR-ın işgüzar nüfuzuna ziyan vurmaqla ittiham olunuruq. Halbuki bizə irad tutulan heç bir cümlə SOCAR əleyhinə deyil və ola da bilməz… Çünki dövlət bizi Elnur Aslanovların sayəsində ögey övladı olaraq görsə də, biz onu özbəöz babamız bildik… Dövlət babanın hər qurumu bizə doğmadır. O qurumların içində çürük varsa, onu demək də boynumuzun borcudur…

Əgər keçmişi qaranlıq, eks-spiker Rəsul Quliyevin yaxın adamı Xalik Məmmədov xırda məmurları qohumbazlıqda suçlayıb, bütün əqrəbasını dövlət şirkətinə toplayırsa, bunun qarşısında susmaqmı gərəkir? “Biz bilirik ki, bəzi yerliidarəetmə orqanlarında işləyən məmurlar öz səlahiyyətlərini genişləndirmək üçün öz tanışlarını işə götürməyə çalışırlar” dediyi halda öz oğlunu rəhbərliyində olduğu şirkətin Türkiyə təmsilçisi təyin edirsə, buna kimsə səs çıxarmamalıdırmı?

Xalik Məmmədov Fətullah Gülənin “Çağ Öyrətim”inin rəhbərliyinə qol-qanad gərib, HASEN-in Türkiyədə, Amerika və Avropadakı tədbirlərinə fətullahçıların azərbaycanlı imamı Elnur Aslanov  qatılırsa, buna səssizmi qalmalıyıq?

Bu arada unutmadan bir sual da verim. Türkiyə hökumətini tənqid etdiyi üçün qovulduğu söylənilən bir jurnalist var idi. “Zaman” qəzetinin müxbiri Mahir Zeynalov. Ona hansı ad və səbəblə HASEN qonorar verib? Ərdoğanı daha çox təhqir etməsi üçün himayə edirdiniz, yoxsa Elnur Aslanov tapşırdığı üçünmü? Hələ də xatırlamadınızsa, bir az da yaxından tanıdım. SAM-ın jurnalı olan “Caucasus International”in redaktoru olan Mahir Zeynalovdan bəhs edirəm. 

***

Bir neft şirkətinin gücü sahələrdəki işləri ilə ölçülür. Əgər neft şirkətinin sahədəki işçiləri kütləvi ixtisara salındığı bir vaxtda Kənan Məmmədov və adaşı bir neçə il öncə İstanbul Maslakda aldıqları bina nələrinə yetmirmi ki, Vadi İstanbulda 75 milyonluq olduğu söylənən binanı alırlar?

Və “bizim fətullahçılarla heç bir əlaqəmiz yoxdur” deyənlər, 11 oktyabr 2012-ci ildə qurulan SOCAR Gaz Ticareti A.Ş.-nin ortağının kimliyindən xəbərləri varmı? Şirkətin rəsmi saytında (www.socargas.com) bu barədə yazılır: Azerbaycan Devlet Petrol Şirketi’nin (State Oil Company of Azerbaijan Republic – SOCAR) Türkiye iştiraki olan SOCAR Turkey Enerji A.Ş. ve CIG Enerji ortaklığında kurulan SOCAR Gaz Ticareti A.Ş., 07/06/2010 tarihinde Azerbaycan ile Türkiye arasında imzalanan milletler arası anlaşma gereğince, 1 Ocak 2013 tarihi itibarıyla, Türkiye’de yıllık 1.2 milyar m3 doğal gaz satışına başlamıştır.

fatihBal

“Bizim Paralel Yapı ilə heç bir əlaqəmiz yoxdur” deyənlər heçmi “CIG Enerji”nin ortaqlarını araşdırmayıblar? Fatih Baltacı və Fettah Tamincenin Fətullah Gülənin ən yaxın iş adamları olduğunu bilməyən varmı, İstanbulda? Adı Fətullah Gülənin gizli telefon danışıqlarında sıx-sıx çəkilən, birbaşa Gülənin təlimatı ilə dəstəklənən Fatih Baltacı Gülənin şirkətlər qrupu olan və Azərbaycanda TUSİAB və “İpəkyolu” ortağı olan TUSKON-un İdarə Heyətinin üzvü və gizli başçısıdır. Rizanur Meralın maket başqan olduğu qurumun başındakı şəxs, eyni zamanda Fətullah Gülənin ən böyük pul mənbəsi olan təbii qaz ticarətinin başında dayanan isimdir. Nə qəribdir ki, Azərbaycandan Türkiyəyə camaat yazarlarını aparan Kenan Yavuz belə Fatih Baltacının kimliyindən “xəbərsiz” olub.

Bu videonu sonuna qədər dinləyin. Fətullah Gülənlə danışan şəxs Uqandadakı neft zavodunu Fatih Baltacı vasitəsilə Baltacının ortaq olduğu iki ölkədən olan ortaqlarına (Bunlardan birinin Rusiya, digəri isə Azərbaycan olduğu ehtimal olunur)  təklif etdiklərini soyləyir. Yəni, Baltacı Camaat üçün Gülənin birbaşa maraqlandığı proyektlər təklif olunacaq qədər önəmli adamdır:

Yəni, ortada gizlədilməsi mümkün olmayan bir ilişkilər zənciri var. Heç bir şəkildə gizlədilməsi mümkün olmayan, fəqət hesab soruşulması üçün gözlənilən bir sürü reallıqlar var. Bütün bunlardan təmizlənmə, əlaqələrin yenidən gözdən keçirilərək, Azərbaycana məxsus şirkətin imicinin təmizlənməsi gərəkirkən, bunu yazan jurnalisti susdurmaq nə qədər məntiqlidir? 

Bu da Fatih Baltacının HASEN-in toplantısında çıxışı

Bir faktı da açıqlayım. Mənim Türkiyə televiziyalarımda çıxışlarımdan sonra Kənan Məmmədov Kənan Yavuzla birlikdə Türkiyənin enerji naziri Taner Yıldızın qəbulunda olaraq, Azərbaycanın Türkiyəyə 15 milyatdlıq yatırımından bəhs edərək, “biz bu yatırımı edirik, sizin media isə bir azərbaycanlı jurnalisti efirə çıxararaq, bizim əleyhimizə danışdırır” deyə, şikayət ediblər. Məsələ Türkiyənin Prezidentinə qədər uzanıb və həmin telekanallara reklam sözü belə verilib ki, amandır, bir daha adımız hallanmasın. Mən bildiyimin onda birini yazıram. Və mənim üçün Türkiyəyə minnətçi düşənlərin yerinə isə xəcalət təri tökürəm. Milyonlara sahib ola bilərsiniz, elə məni uydurma ittihamlarla, şərləyərək içəri də atdıra bilərsiniz, ancaq bu savaşı başqa bir dövlətin nazirinə minnətçi düşdüyünüz anda uduzdunuz… Sanki ortağınız Fatih Baltacının Gülənin TUSKON İdarə Heyəti üzvü olduğunu onlar bilmirlər? Bilirlər. Həm də mənim jurnalist olaraq bildiyimin on qatını bilirlər. Niyə səs çıxarmırlar? Çünki Türkiyə üçün hər zaman öz maraqları önəmli olub. Bu Mustafa Kamal dönəmində də eyni idi, Özal dönəmində də, indi də… Və hazırki dönəmdə sizin onlara minnətçi düşməyniz daha önəmlidir, nəinki sizinlə əlaqələrin kəsilməsi…

Fatih Baltacı ilə bağlı sürpriz bununla bitmir. Adamımız həm də Gülənin Rusiyadakı iş adamlarından biri. Belə ki, Gülənin xeyir-dua verdiyi və zamanında dövlət dəstəyi ilə qurulan Türk-Rus Kültür Vəqfinin mütəvəlli heyətinin sədridir. Üzvlər arasında xeyli tanış isimlər var. Fettah Tamince  kimi… 

 

Acınacaqlı durum odur ki, Xalik Məmmədov kimiləri qorumaq bahasına dövlət şirkətinin prestiji ilə oynanılır… “Bəli, içimizdə Paralelçilər var idi və biz onları təmizlədik” demək əvəzinə o paralelçiləri ifşa edənləri susdurmaq, bizimlə şəkil çəkdirənlərə belə şirnikləndirici vədlər verərək, həm Azərbaycanda, həm Türkiyədə “reklam”larla, “aylıqlar”la Elnur Aslanovun yerişini yeriyən Xalik Məmmədovlar, siz artıq uduzmusunuz…

Cəsarətiniz varsa, alnınız ağsa, mənim Prezidentimə, cənab İlham Əliyevə şikayət edin. Mənim bütün fəaliyyətim ortadadır. Mən Ərdoğanın Paralel ilə mübarizəsini alqışlayıram. Ancaq sizdən fərqli olaraq, mənim BİR PREZİDENTİM var və mən İlham Əliyevin əsgəriyəm.  O səbəbdən də, bir daha təkrar edirəm ki, şikayət edirsinizsə, məni öz Prezidentimə edin, təbii ki, haqlı səbəbləriniz varsa…

Yoxsa, “gör, ancaq yazma, danışma, sus” metodunuz qloballaşan dünyada keçmir… Böyük-böyük qəzetlərə, televiziyalara yüzminlik reklamlar verərək, öz tərəfinizə çəkdiyiniz halda adi bir Facebook profili ilə  səltənətlər yıxılır, siz özünüzü əbədimi sandınız?… 

Aqil ƏLƏSGƏR

COP29

www.yenicag.az

1847
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv