Sülhə maneə, yoxsa alternativ yol? – Regionda gərgin oyunun YENİ PƏRDƏARXASI
“Əgər yol sırf tranzit məqsədlə deyil, Azərbaycanın dəhliz təklifinə alternativ kimi inşa edilərsə, sülh prosesi bir qədər də çətinləşə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib. O, Ermənistan prezidenti Vaaqn Xaçaturyan və İranın vitse-prezidenti Məhəmməd Rza Arefin Şimal-Cənub magistralının Meqri-Kacaran hissəsinin tikintisi ilə bağlı müzakirələrinə münasibət bildirib.
Politoloqun sözlərinə görə, bu layihə sadəcə infrastruktur ehtiyacından irəli gəlmir:
“Bu, açıq şəkildə Zəngəzur dəhlizinə alternativ yaratmaq cəhdidir. Ermənistan Zəngəzur dəhlizinin açılmasını Azərbaycanın regiondakı nüfuzunun artması kimi görür və buna qarşı çıxır. İran isə bölgədəki geosiyasi balansın dəyişməsini istəmir və Naxçıvan üzərindən keçəcək dəhlizin nəzarətsiz qalmasını öz maraqlarına zidd hesab edir”.
Tural İsmayılov qeyd edib ki, Meqri-Kacaran yolu Ermənistan üçün həm daxili nəqliyyat şəbəkəsini gücləndirmək, həm də İranla tranzit əməkdaşlığını genişləndirmək vasitəsidir. Tehran isə bu layihəni Zəngəzur dəhlizinə qarşı strateji “bufer” kimi qiymətləndirir.
“Layihə Rusiya üçün də maraqlıdır. Moskva Bakı üzərindən açılacaq Türk-Orta Asiya xəttindən narahatdır və buna görə də alternativ yolları dəstəkləyə bilər. Lakin bu yolun reallaşması həm texniki, həm də maliyyə baxımından ciddi problemlər yarada bilər”, – deyə politoloq əlavə edib.”
İsmayılov vurğulayıb ki, Azərbaycan sözügedən təşəbbüsü diqqətlə izləyir və onu regionda yeni bloklaşmanın tərkib hissəsi kimi qiymətləndirir:
“Əgər yol sadəcə tranzit məqsədli deyil, Azərbaycanın dəhliz təklifinə alternativ olaraq inşa edilərsə, sülh prosesi daha da mürəkkəbləşə bilər. Ermənistan bu layihə ilə həm Zəngəzur dəhlizindən yayınmağa, həm də İranı daha sıx tərəfdaşa çevirməyə çalışır. Tehran isə bu əməkdaşlıqla həm iqtisadi imkanlarını genişləndirmək, həm də regiondakı təsirini qorumaq niyyətindədir”.
Politoloq sonda bildirib ki, Meqri-Kacaran yolunun taleyi yalnız texniki yox, həm də siyasi qərarlardan asılı olacaq:
“Əgər regionda real inteqrasiya istəyiriksə, qarşılıqlı razılaşmalar vacibdir. Əks halda, paralel marşrutlar gərginliyi daha da artıracaq. Bu yol sadəcə yol deyil, həm də geosiyasi siqnaldır”.
Nəsimi Ələsgərli