Paşinyanın “uğuru” ilə kilsənin “fiaskosu” arasındakı Ermənistan: "Azərbaycanın gücü sülh konfiqurasiyasını pozulmaz edir”
“Ümidverici haldır ki, Ermənistan əhalisinin əksəriyyəti reallıqları başa düşür.”
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın “Ermənistan sülh nədir bilmir. Sülh odur ki, itgilər yoxdur. Tranzit yollar işləkdir” bəyanatına münasibət bildirib.
Deputat qeyd edib ki, Ermənistanda seçki prosesi yaxınlaşdıqca sülh mövzusu və sülh şərtləri bu ölkənin daxili siyasi müzakirə predmetləri sırasında çəkisini artırmaqdadır.
“Mənzərə ondan ibarətdir ki, Paşinyan Azərbaycanın hərbi-siyasi qələbələrinin diktəsi kimi meydana çıxan sülh prosesinə hökumətin uğuru, revanşist müxalifət və kilsə birliyi isə sülhə Ermənistanın və erməni xalqının fiaskosu kimi yanaşmaqdadır. Lakin ümidverici haldır ki, Ermənistan əhalisinin əksəriyyəti reallıqları başa düşür. Azərbaycanın güc və imkanları qarşısında Ermənistanın işğal və təcavüz siyasətinin perspektivinin olmadığını, o cümlədən Ermənistanın dövlət kimi mövcudluğunu qoruması və real suverenliyə çatmasının sülhdən asılı olduğunu anlamaqdadır.
Əlbəttə, Ermənistanda daxili siyasi proseslərin inkişaf istiqamətləri bütövlükdə regional proseslərə təsirsiz ötüşə bilməz. Lakin unudulmamalıdır ki, bölgədə reallıqları Azərbaycan diktə etdiyi üçün Ermənistanda daxili siyasi proseslərin gərginləşməsi, hakimiyyət dəyişikliyi və yaxud qarşıdurmanın hər hansı formatda inkişafı Prezident İlham Əliyevin müəllifi və təşəbbüskarı olduğu sülh konfiqurasiyasının nəinki pozulması, ümumiyyətlə, heç zədələnməsi ilə də nəticələnə bilməz,” – deyə o bildirib.
Nəsimi Ələsgərli












