ABŞ əsl məqsədini BƏLLİ ETDİ – Xameneiyə sui-qəsd təhdidi nə qədər REALDIR?
“İran və Amerika arasında nüvə silahları ilə bağlı beş dəfə keçirilmiş görüşmələr hər iki tərəfin müsbət açıqlamaları ilə yaxşı bir istiqamətdə irəliləyirdi. Lakin beşinci görüşmədən sonra altıncı görüşməyə hazırlıqlar görülərkən, İranda, xüsusilə də İnqilab Keşikçiləri tərəfindən bu prosesə dair mənfi fikirlər səsləndirilməyə və proses sabotaj edilməyə başlandı”.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.
Siyasi təhlilçi davam edən İsrail-İran müharibəsi çərçivəsində İranın ali dini lideri Seyid Əli Xameneinin həyatına sui-qəsdin ediləcəyi ilə bağlı səslənən iddialara münasibət bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən gün sözügedən məsələ ilə bağlı çıxış edərkən Ayətullahın öldürülməsi məsələsini istisna etməyib.
H. Oktayın fikrincə, Tramp bu vəziyyət qarşısında həm İranla danışıqları mənimsəməyən Amerika Yəhudi lobbisinin, həm də İsrailin tənqidlərinə məruz qaldığı üçün bir tərəfdən İnqilab Keşikçilərini cəzalandırmaq, digər tərəfdən isə yəhudilər arasında yüksələn Tramp əleyhdarlığını cilovlamaq məqsədilə İrana hücuma göz yumdu:
“Bu çərçivədə ilk olaraq İnqilab Keşikçiləri və Bəsic təşkilatlarının mərkəzləri bombalandı. Hətta ilk gün təxminən 20-yə yaxın yüksək rütbəli Bəsic və İnqilab Keşikçiləri komandirinin öldürülməsi, əslində, ABŞ ilə İran arasında nüvə danışıqlarına qarşı çıxan qüvvələrin sıradan çıxarılması demək idi. Trampın “Xameneinin yerini bilirik, onu öldürməyəcəyik” ifadəsi də, əslində, İranda yeni bir matəm və ideoloji səfərbərlik yaranmasın deyə, Ayətullahın təbii ölüm prosesi çərçivəsində addımların planlaşdırıldığını göstərir. Lakin, eyni zamanda İnqilab Keşikçilərinin İranda hakim olduğu bütün nöqtələrdən təmizlənməsi planlaşdırılır. Bu, İran-İsrail-ABŞ savaşı deyil, ABŞ-nin İranda İnqilab Keşikçiləri ətrafında formalaşmış sistemi ləğv etmə prosesidir. Bu çərçivədə dini rəhbərlik institutunun da ləğvi nəzərdə tutulur. İranda prezidentlik üsul-idarəsi qurulacaq və dünyada yayılmış idarəçilik sistemi tətbiq olunacaq. Beləliklə, İran normallaşacaq. Bundan başqa, heç bir variant İran üçün mümkün görünmür”.
Rafi Müslümov