!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın havada qalan “Xəzər planları”: Qərbin regiona müdaxilə imkanları yox edildi?

!Reklam – Yazi

“ABŞ hətta Sovetlər dönəmində də Xəzər dənizindəki neft-qaz ehtiyatlarına olan marağını gizlətməyib”.

Yenicag.az xəbər verir ki, sahilyanı dövlətlərin başçılarının Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsinə dair avqustun 12-də Aktauda imzaladıqları Konvensiyada yer alan regional təhlükəsizliyin təmin olunmasına dair müddəalar hələ də müzakirə olunmaqdadır.

Qeyd edək ki, Xəzər hövzəsində ABŞ və NATO-nun hərbi baza açmaq niyyəti dəfələrlə bəyan olunmuşdu. Ötən gün İran prezidenti Həsən Ruhani bu məsələyə toxunaraq bildirib ki, Konvensiyanın imzalanması ilə ABŞ və NATO-nun Xəzər dənizində hərbi baza yaratmaq planları artıq mümkünsüz hala gəlib.

ABŞ və NATO-nun Xəzər dənizində hərbi mövcudluğunu təmin etmək istəyi bölgə dövlətlərini, xüsusən də İran və Rusiyanı çox ciddi narahat edirdi. Çünki Xəzərdə ABŞ hərbi bazasının yaradılması Qərbin bu coğrafiyada cərəyan edən proseslərə müdaxilə imkanlarını xeyli asanlaşdıracaqdı.

Bu məqamı vurğulayan Həsən Ruhani Konvensiyanın imzalanması ilə “ABŞ və NATO-nun qəsd planı” adlandırdığı layihənin qarşısının alındığını xüsusi qeyd edib. Başqa sözlə, imzalanmış Konvensiya kənar dövlətlərin regionda hərbi iştirakının qarşısını alır.

Hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında Xəzər Konvensiyasının imzalanmasından sonra regionun təhlükəsizliyi, ABŞ və NATO-nun bölgədə hərbi iştirakının əngəllənməsi və digər məsələləri şərh edib:

“Məlum olduğu kimi, Xəzər qapalı hövzədir. Bu dənizdə tarix boyu iki dövlət – İran və Rusiya aktiv rol oynayıb. Lakin Pyotr dönəmindən sonra İran Xəzərdən sıxışdırılıb, Gülüstan və Türkmənçay müqaviləsindən sonra isə ümumiyyətlə, Xəzərdə hərbi donanma saxlamaq hüququndan da məhrum edilib.

Bu vəziyyət SSRİ dağılana qədər belə davam edib. O dönəmdə Xəzər dörd Sovet respublikası arasında bölünmüşdü, İrana isə kiçik bir hissə verilmişdi. SSRİ-nin süqutundan sonra Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi prosesinə başlanıldı və bu çərçivədə danışıqlar kifayət qədər uzun müddət davam etdi. Bu da əsasən, İranın təklif olunan bölgü ilə razılaşmamasından irəli gəlirdi. Ancaq çox müsbət haldır ki, Xəzəryanı dövlətlər status məsələsində nəhayət, konsensua gələ bildilər.

Qeyd edək ki, Azərbaycan, Qazaxıstan və Rusiya bu Konvensiyanın imzalanmasından daha əvvəl Xəzərin dibinin bölünməsi barədə razılığa gəlmişdi. Ancaq Türkmənistan və İran bu razılaşmanı qəbul etmirdi. Konkret desək, Türkmənistan Azərbaycanın ərazisinə düşən “Kəpəz” neft yatağına iddia edərək, həmin yatağı “Sərdar” adlandırır və istismar hüququnun ona verilməsini istəyirdi. Türkmənistanın iddiasına görə, dənizin bölgüsü zamanı məsafənin sahildən hesablanması düzgün deyil.

Rəsmi Aşqabad tələb edirdi ki, Azərbaycanın ərazi sularının müəyyənləşməsi üçün məsafə Abşeron yarımadasından yox, daha geridən götürülməlidir. Bu məsələdə Türkmənistanla eyni mövqedə olan İran isə hətta 1998-ci ildə BP-nin dənizdə neft-kəşfiyyat işləri aparan qrupa atəş açmışdı. Həmçinin Rusiya da, Azərbaycanın imzaladığı neft-qaz müqavilələrindən və dənizdə həyata keçirdiyi neft-kəşfiyyat işlərindən narahat idi. Lakin Xəzərin şimal hissəsində – Həştərxan istiqamətində neft-qaz yataqları kəşf olunduqdan sonra Rusiya Azərbaycana qarşı mövqeyini yumşaltdı”.

İran prezidenti Həsən Ruhaninin “ABŞ və NATO-nun qəsd planı”nın qarşısının alınmasına dair fikirlərinə gəldikdə isə hərbi ekspert qeyd edib ki, Qərbin bu bölgədə maraqlarının olması və hərbi baza yaratmaq niyyəti heç kimə sirr deyil:

“ABŞ hətta Sovetlər dönəmində də Xəzər dənizindəki neft-qaz ehtiyatlarına olan marağını nəinki gizlətməyib, hətta ərazidə miqyaslı kəşfiyyat işləri və müvafiq danışıqlar da aparıb.

Azərbaycan müstəqillik qazandıqdan sonra isə bu müstəvidə danışıqlar davam etdirilib. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra danışıqlar yekunlaşdı və “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilədə iştirak edən Qərb şirkətləri təhlükəsizliyin təmin edilməsi məqsədi ilə bölgədə hərbi qüvvələrinin olması zərurətini hər zaman qabardırdılar. Bu səbəbdən də, ərazi sularının qorunması və kəşfiyyat xarakterli obyektlərin tikilişi üçün Azərbaycana müəyyən yardım göstərdilər. Bütün bu işlər əlbəttə ki, İranın narazılığı ilə müşayiət olunurdu.
Azərbaycanın ardınca Qazaxıstan da sözügedən layihələrə qoşularaq, Qərblə əməkdaşlığın əsasını qoydu. Artıq bir zamanlar ciddi şəkildə qarşıya çıxan problemlər aradan qaldırılıb və imzalanan beynəlxalq müqavilələr plan üzrə yerinə yetirilir. Bu baxımdan, artıq Xəzərdə hansısa kənar qüvvənin mövcudluğuna ehtiyac yoxdur.

Bu gün Rusiya Xəzər dənizində SSRİ dövründə olduğundan da artıq dərəcədə hərbi mövcudluğunu genişləndirməkdədir. Rusiya ilə yanaşı, İran, Qazaxıstan və Türkmənistan da Xəzərdə hərbi qüvvələrini artırmaqdadır. Azərbaycan isə hər zaman Xəzərin “sülh dənizi”nə çevrilməsinə çalışıb. Qapalı hövzə olduğuna görə Xəzərin də bu qədər hərbiləşdirilməsinə ehtiyac yoxdur.

Regionda olan Aral dənizinin, Urmiya gölünün quruması, ekoloqların aramsız “həyəcan təbili” çalmaları da təsdiqləyir ki, Xəzər dənizinin həllini gözləyən ciddi problemləri var. O baxımdan, silahlanmaya xərclənən pulların Xəzər dənizinin təmizlənməsinə, flora və faunasının qorunmasına yönəldilməsi daha münasibdir”.

Xatırladaq ki, 1996-cı ildən üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 12 avqust 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində imzalanıb.

Səxavət Məmməd

www.yenicag.az

3483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv