ABŞ məsələsində ikitirəlik – deputatlar bölündü
Aydın Mirzəzadə: “Həll prosesində ABŞ-ın maraqları və gücü nəzərə alınmadıqda, problem ya həll olunmayacaq, ya da yarımçıq həll ediləcək”
Asim Mollazadə: “ABŞ dünyanın nüfuzlu ölkəsi olaraq Minsk qrupunda təmsil olunub”
Deputat Qüdrət Həsənquliyev Milli Məclisdə bəyan edib ki, ABŞ-ın Minsk qrupunun həmsədri olmasına razılıq verilməsi doğru olmayıb.
Qeyd edək ki, ABŞ Minsk qrupunun həmsədr ölkələrindən biri olmaqla yanaşı, həm də dünyanın super gücüdür. Bu ölkənin Azərbaycanın da daxil olduğu bölgədə də ciddi maraqları var.
Görəsən, Q. Həsənquliyev yuxarıda qeyd olunan bu fikrilə razılaşmaq olarmı?
Millət vəkili Aydın Mirzəzadə Yenicag.az saytına açıqlamasında həmkarının bu fikri ilə razılaşmadı: “İş ondadır ki, Minsk qrupunun həmsədrliyi mexaniki və ratasiya yolu ilə həyata keçirilən bir səlahiyyət deyil. 1997-ci ildə həmsədrlik institutu təsis olunanda qərara alındı ki, region ölkələri ilə yaxşı münasibətlər və prosesin həllinə təsir edə bilən dövlətlərin imkanlarından istifadə edilsin. Burada bir neçə ölkələrin adı çəkilirdi. Son nəticədə isə 3 dövlətin üzərində dayanıldı. ABŞ dünyanın super dövlətlərindən biridir. Regionda maraqları və münaqişə tərfləri olan hər iki dövlətlə xoş münasibətləri var. Eyni şeyi Rusiya və Fransa haqqında da demək olar. Yəni prinsipcə həmsədrlərdən birini və yaxud ikisini də həmin siyahıdan çıxarmaq olar. Onda isə problemin həlli yarımçıq olacaq. Yəni problemin həllində artıq ABŞ-ın maraqları, təsir və gücü nəzərə alınmadıqda, problem ya həll olunmayacaq, ya da yarımçıq həll ediləcək. Məqsəd isə bütün potensial və imkanlardan istifadə etməklə problemi həll etməkdən ibarətdir. Siyasət təkliflərlə deyil, reallıqla ortaya gəlir”.
Millət vəkili Asim Mollazadə də həmsədrlər arasında ABŞ-ın olmasını vacib saydı: “ABŞ dünyanın nüfuzlu ölkəsi olaraq Minsk qrupunda təmsil olunub. Rusiya bölgənin nüfuzlu ölkəsi kimi, Fransa isə Avropa Birliyinin təmsilçisi olaraq burada təmsil olunublar. Hər üç ölkə həm də BMT Təhlükəsizlik Şurasının üzvləridir. ABŞ-ın Minsk qrupunda təmsil olunmasında təşəbbüs Azərbaycan tərəfindən gəlmişdi. Hər zaman danışıqlar prosesini digər qüvvələr monopoliyada saxlamaq istəyib. ABŞ-ın burada iştirakı isə həmin monopoliyanın olmasını pozdu”.
Elçin