ABŞ narahat olmaqda davam edəcək
ABŞ Xarici İşlər Nazirliyi Xümsdəki “qorxunc və faciəvi” vəziyyətə görə narahat olduğunu bildirib.
Nazirlik spikeri Cen Psaki gündəlik mətbuat konfransında etdiyi açıqlamada belə deyib: “ABŞ Xümsdə Əsəd rejiminin öz xalqına qarşı mərhəmətsizliyi son həddə çatdırması, qorxunc və faciəvi vəziyyət yaratmasına görə dərin narahatlıq keçirir”.
Psaki sözlərinə bunu da əlavə edib: “Rejimin Xümsdəki köhnə şəhər bölgəsi sakinlərinə qarşı qəddarcasına hücumunu və atəşkəsi pozmasını şiddətlə qınayırıq. Bu qarşıdurmaya görə vətəndaşların durumundan narahat olan Beynəlxalq İctimaiyyətin hər bir üzvü kimi ABŞ da bu mərhəmətsiz döyüşdən əziyyət çəkən Xüms sakinləri və Suriyadakı günahsız vətəndaşlara dəstəyindən əl çəkməyəcək, bu mövzuda müsbət yönlü çağırışlara son verməyəcək. Suriya xalqının əziyyətləri sona çatana qədər bu vəziyyətə Beynəlxalq Cəmiyyətin diqqətini çəkməyə davam edəcəyik”(axar.az).