ABŞ silah satışını asanlaşdırır – 907-ci düzəliş ləğv olunacaqmı?

ABŞ prezidenti Tramp Amerika silahlarının ixracını artırmaq niyyətinə düşüb.

Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb:

“Tramp fevralda silah ixracı qaydalarında dəyişiklik etmək niyyətindədir. Bu, Amerika silahlarının digər ölkələrə satış prosedurunu asanlaşdıracaq”.

Qeyd edək ki, ABŞ-ın Azərbaycana silah satışı qadağan edilib. Buna səbəb keçən əsrin 90-cı illərində qəbul edilən 907-ci düzəliş, habelə NATO-nun savaş aparan ölkələrə silah ixrac etmək qadağası olub.

Lakin yeni ABŞ administrasiyası isə xarici ölkələrə silah satışı prosedurunu asanlaşdırmaq istəyir. Bu mənada görəsən, uzun müddətdir ləğv olunmasa da, fəaliyyəti dondurulan və bu fonda ölkəmizə silah satışı qadağasını qoyan 907-ci düzəliş nəhayət ki, tarixin arxivinə atıla bilərmi?

Politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, xaricə silah satışı üzrə prosedur qaydalarını asanlaşdırsa da, Vaşinqton onu Azərbaycana və 907-ci düzəlişin nəhayət ki, ləğv edilməsinə şamil etməyəcək:

“ABŞ-da doğrudan da silah satışı ilə bağlı müəyyən çərçivələrin götürülməsi planlaşdırılır. Bu da bilavasitə ABŞ büdcəsində yaranan böyük qıtlıqla bağlıdır. ABŞ iqtisadiyyatının hazırda parlaq olmadığı da bir faktdır. Ona görə də həmin problemi aradan qaldırmaq üçün Ağ Ev silah satışını asanlaşdırmağa, hətta müəyyən təzyiq metodlarından istifadə etməklə digər ölkələrə daha çox silah satmaqla əlavə vəsait əldə etməyə çalışırlar. Ancaq bu kontekstdə onu da nəzərə alaq ki, ABŞ-ın xarici siyasətdə həyata keçirtdiyi müəyyən prioritetlər var. Bu prioritetlər də təbii ki, ABŞ-ın geosiyasi maraqları çərçivəsində qəbul olunur. Bu mənada da düşünürəm ki, silah satışı məsələsində çərçivələrin aradan götürülməsinə rəğmən Azərbaycana silah satılması məsələsi nəzərdə tutulmur. Çünki Azərbaycana silah satılması məsələsi düşünüləndə bütövlükdə xristian dünyasının göz önünə Ermənistan gəlir. Məhz bu baxımdan da Azərbaycana silah satışı ilə bağlı müəyyən məhdudiyyətlər qoyulub. Fikir verirsinizsə, Azərbaycan təkcə ABŞ-dan deyil, Avropadan da silah ala bilmir. Bu məhdudiyyətin kökündə özləri etiraf etməsələr də, xristian həmrəyliyi durur. Çünki onlar Azərbaycanın Ermənistanla müqayisədə hərbi cəhətdən daha da güclənməsinin tərəfdarı deyillər. Ona görə də Azərbaycan hazırda Türkiyə, Rusiya, İsrail və Pakistandan silah alır. Son zamanlar Türkiyənin müdafiə sənayesi sürətlə inkişaf etdiyindən Azərbaycan qardaş ölkədən də ciddi və müasir silahlar almağa başlayıb. Belədə ABŞ-dan silah almağa ehtiyac da yaranmayacaq. Onu da nəzərə alaq ki, ABŞ-ın satdığı silahların qiyməti digər ölkələrlə müqayisədə dəfələrlə bahadır. Bu mənada 907-ci düzəlişin Trampın silah satışını asanlaşdırmaqla bağlı qərarından sonra da yaxın gələcəkdə birdəfəlik ləğv ediləcəyini gözləmirəm”.

ELÇİN