“Canımız-ciyərimiz evladımız olan ermənilər Osmanlıda bizim gözəlliyimizdi” deyən ermənipərəstin Azərbaycandakı müridləri dövlət üçün real təhlükə mənbəyidir
Türkiyədə tanınmış siyasətçilərə və manekenləri şantaj etmək suçu ilə həbs olunan və müəmmalı şəkildə sonra azadlığa çıxan Adnan Oktar Azərbaycanda Harun Yəhya adı ilə tanınır. Ciddi cəhdlə Azərbaycanda güclənmək istəyən Adnan Oktarın qurmaq istədiyi internet tv də çıxan xəbərlərdən sonra fəaliyyətini dayandırdı. Lakin Adnan Oktar bir müddət öncə “Böyük Ermənistan” xəritəsi önündə reportajını “yumaq” üçün efirə çıxardığı, ara sakitləşəndən sonra anbara qaldırdığı bayrağımızı yenidən studiyaya qoyaraq, Azərbaycana olan “sevgisini izhar etmişdi”. Və onu çox sevən, hər şeylərini ona qurban etmək istəyən azərbaycanlı müridləri bu reportajı paylaşmaqdan yorulmurdular.
Lakin həmin reportajın “yeddisi çıxmadan” Adnan Oktar erməni sevgisini bir daha ortaya qoydu. Həm də Azərbaycan bayrağının önündə.
“Ermənilər Qarabağdan niyə çıxsınlar ki? Onlar oranı qanla aldılar” deyərək, ermənilərin işğalına haqq qazandıran Adnan Oktar ermənilərə tərif deməkdən yorulmadı. “Canımız-ciyərimiz evladımız olan ermənilər Osmanlıda bizim gözəlliyimizdi. Tər-təmiz, nur kimiydilər. Milləti sadıka (sadiq millət) deyirdik. Osmanlı dönəmində erməni qardaşlarımıza generallıq verirdik.” (1:11 dəqiqədən sonra) deyərək, erməni sevgisini ortaya qoydu.
Maraqlıdır ki, ermənilərlə virtual konfransa qatılan Rauf Mirqədirov haqqında həbs qəti imkan tədbiri görüldüyü halda, bu şəkildə erməniləri tərifləyən, az qala erməniləri məsum elan edən şəxsin kitabları, jurnalları Azərbaycanda rahat şəkildə paylanır, adamları rayon-rayon (xüsusilə də, Qarabağ bölgəsində) gəzərək, strateji dövlət obyektlərinə bu ermənipərəstin kitab və jurnallarını paylayırlar.
Və iş o həddə çatıb ki, Adnan Oktar adlı ermənipərəstliyini gizlətməyən və bunu din pərdəsi altında edən şəxsin Azərbaycandakı müridləri bu barədə yazanları hədələməkdən də çəkinmirlər. Mühüm dövlət qurumlarında “rıçaq”lar əldə edən, dövlətin maliyyələşdirdiyi mühüm gənclər təşkilatlarına öz adamlarını yerləşdirmiş bu XƏYANƏT ŞƏBƏKƏSİ həm də mediada ciddi dəstəyə sahibdirlər. Bu dəstəyin təşkilində isə üç günlük İstanbul səfərlərinin mühüm rolu vardır. Bir sıra dəyərli qələm sahibi bunların hiylələrinə aldanaraq, Adnan Oktarı hələ də din xadimi sayırlar.
Amma məsələ onun nə özünü “Mehdi” olaraq görməsi, nə də Darvinizm kimi artıq tarixin arxivində çürümüz məsələni əlində bayraq etməsi deyil. Adnan Oktar və Şəbəkəsi Dövlətə qarşı TƏHLÜKƏDİR. Torpağının 20 faizi erməni işğalında olan və hər an müharibə ediləcək bir dövlət-xalqı tərifləyib göylərə qaldıran bir sekta rəhbəri Azərbaycanda çox ciddi təşkilatlanıb. Sabah Adnan Oktardan “ermənilərə casusluq etmək vacibdir” əmri gəlsə, həmin gənclərdən hansı tərəddüt edəcək? Bu insanlar artıq robotlaşıblar və dövlət üçün real təhlükə mənbəyidirlər.
P.S. Onu da qeyd edək ki, Adnan Oktarın Türkiyə və Azərbaycanda özünün əsas fəaliyyət sahəsi elan etdiyi yaradılışçı cəbhənin dünyada öndəri heç də müsəlmanlar deyil. Yaradılışçı cəbhənin başında ABŞ-da fəaliyyət göstərən xristian bir şəbəkə var. Yaradılış Araşdırmaları İnstitutu (ICR-Institute of Creation Research”), milyonlarla dollarlıq büdcəsiylə dünyanın bir çox ölkəsində fəaliyyət göstərir, kitablar çap edir, bu kitabları pulsuz olaraq paylanır. ICR, ABŞ-da fəaliyyət göstərən xristianların bir təşkilatıdır. Amma bu təşkilatın bir qolu da Türkiyədədir. ICR Türkiyədəki təkamül əleyhdarlarının işlərini dəstəkləyib istiqamətləndirir. Etdikləri şərhlərdə; “ICR-in yaradılışçılığı dəstəkləməyə istiqamətli işləri, xristianlığın Türkiyədə tezliklə qəbul edilməsinin təmin edilib-edilməməsindən asılı olmayaraq təsirli şəkildə davam etdiriləcək” deyilir.
Türkiyənin nüfuzlu saytlarından birində bu barədə belə yazılıb: “Bu məzmunda Amerikan Yaradılışçıların maşalığını edən isə Türkiyədə bir zamanlar mühərrik, bacı, qrup seks, oral seks kimi sözlərlə gündəmdən düşməyən Adnan Oktardır. Nəşr etdiyi kitablar da keçmişini gizləməyə çalışaraq Harun Yəhya adını istifadə edən Adnan Oktar və BAV ın bu kitablara qatqısı yalnız ICR ın işlərini Türkcəyə çevirmək və kitablara islami çalarlar qatmaqdan ibarətdir. Yəni, Azərbaycana din alimi kimi sırınmaq istənən bu ermənipərəst nə alim kimi alimdir, nə dindar kimi dindar. Sadəcə missiya daşıyıcısıdır.
AZERMEDİA ANALİTİK ARAŞDIRMA QRUPU
www.yenicag.az