Akif Nağıda maraqlı “səlib yürüşü” açıqlaması
“Burada məqsəd islamı diz çökdürməkdir”
“İslam dünyası ilə xristian dünyası arasında qarşıdurma və mübarizənin getdiyi artıq etiraf olunmalıdır”.
Bu sözləri Yenicag.az-a açıqlama verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi: “Qərbin Ermənistanda insan haqlarının pozulmasına göz yumması, amma MDB-nin müsəlman ölkələrinə həmin məsələdə fərqli baxış sərgiləməsinə bu konteksdə yanaşmaq lazımdır. SSRİ-nin daşılması ilə ABŞ-ın qarşısında dura biləcək başqa bir rəqibin olduğunu hələ ki, görmürük. Ona görə özlərini liberal adlandıran xristian sivilizasiyası ilə islam dünyası arasında mübarizə məsələsi meydana gəldi. ABŞ-da müsəlman gəncləri vəhşicəsinə qətlə yetirdilər. Prezident Obama isə ancaq ictimai qınaqlardan sonra yüngül reaksiya verdi. Fransa prezidenti isə ümumiyyətlə reaksiya vermədi. Baxmayaraq ki, Fransada müsəlman dininə mənsub adamlar tərəfindən terror aktı törədilmişdi. Ərəblər isə dünyanı ayağa qaldıraraq, Fransada yürüş edərək bütün dövlət başçılarını ora yığdı. Yaxın Şərqdə isə yüz minlərlə müsəlmanı qətlə yetirirlər. Lakin Qərb yenə də buna heç bir reaksiya vermir. Ona görə də Azərbaycan Qərbdən hansısa obyektiv reaksiyanın ola biləcəyini gözləyə bilməz. Burada məqsəd islamı diz çökdürməkdir. Səlib yürüşünün növbəti mərhələsi başlayır. Birinci Dünya Müharibəsindən sonra ingilis, fransız generalları Yaxın Şərqə gələndə hökmən Səlahəddinin qəbrinin üstünə gedirdi. Bu gedişin məzmunu isə ondan ibarətdir ki, 800 il öncə səlib yürüşlərinin qarşısını alan Səlahəddinə müraciətlə onlar bildirirdilər ki, “biz yenə qayıtdıq, indidən sonra xac həmişə ayparanın üstündə olacaq”. İndi də bu proses davam edər, özü də MDB-nin müsəlman ölkələrinə qarşı da. Ona görə də bu mübarizənin mahiyyətini başa düşərək, mürəkkəb mübarizənin davam etdiyi dünyada öz işlərimizi görməyi bacarmalıyıq. Daxili münasibətlərdə müsəlman cəmiyyəti bir olmalıdır. Müsəlman ölkələri arasında xoş münasibətlər olmalı, bir-birinə dəstək verməli, problemləri bir yerdə həll etməyə çalışmalıdırlar”.
Elçin