Allahşükür Paşazadə Davudoğlu ilə görüşdü-Video
Türkiyənin baş naziri Əhməd Davudoğlu Əjdərbəy məscidində cümə namazı qılıb.
Davudoğlu dindarlar qarşısında çıxış edərək bildirib ki, inşallah Qarabağda bütün Qafqazın Şeyxi ilə birgə namaz qılarıq. Daha sonra Baş nazirlə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin görüşü olub. Davudoğlu vaxtının az olmasına baxmayaraq şeyxin bir stəkan çayını içib.
Kifayət qədər səmimi keçən görüşdə Bütün Qafqazın Şeyxi Əhməd Davudoğluna rəmzi olaraq Çıraq bağışlayıb. Çıraq həm Davudoğlunun rəhbəri olduğu AK partinin rəmzi, həmçinin hər ikisinin nəvəsinin adının Nur olması ilə əlaqələndirilib. Davudoğlu Şeyxə Quran bağışlayıb.
Sonra baş nazir açıqlama verib.
– Sizi ölkəmizdə görmək bizə qürur verir. Azərbaycanda ilk Cümə namazını qıldınız. Nə dua etdiniz?
– Baş nazir olandan sonra Azərbaycana ilk səfər etmək və burada cümə namazını qılmaq böyük qürur hissidir. Bir az əvvəl camaata xitabən etdiyim duanı, cümə namazı vaxtı da içimdən dua etdim. Allah Azərbaycanı və Türkiyəni qiyamətə qədər müstəqil etsin, qorusun. Qiyamətə qədər bu al bayrağı, azanı bu torpaqlardan əskik etməsin. Dediyim ki, inşallah ən qısa vaxtda Azərbaycanın işğal altındkı torpaqlarında, Qarabağda azanı təkrar oxumağı, eşitməyi, dinləməyi nəsib olsun.
– Bu gün türk şahinləri də Bakıdadır. Bu təsadüfdür, yoxsa zərurət?
– Şahinlər bizi izləyər, biz də şahinləri (gülür). Heç bir şey təsadüf deyil. Bu, bizim iş birliyimizin bir nişanəsidir.
– Biz də sizin Azərbaycanda olmağınıza çox sevindik. Uğur olsun sizə.
– Çox sağolun. Can azərbaycanlıların duasını gözləyirik. Bu gün prezident cənab İlham Əliyevlə çox gözəl görüş keçirdik. İnşallah, cənab Rəcəb Tayyib Ərdoğan, cənab İlham Əliyev, mən həmişə birlikdə Azərbaycana xidmət ettməyə davam edəcəyik. Türkiyəyə xidmət etmək, Azərbaycana xidmət etməkdir.
– Dünyada Türkiyəyə qarşı bir basqı müşahidə edilir. Məsələn, Qərb və ABŞ mətbuatında.
– Biz Allahdan başqa heç kimdən qorxmuruq. Heç kimin önündə də başımız əyilməz. Hər şey yoluna düşəcək, inşallah(ans).