Allahşükür Paşazadənin 65 yaşı tamam olur
Bu gün bütün Qafqazın şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin doğum günüdür.
A.Paşazadə 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində anadan olub.
İlk dini təhsilini yerli din adamlarından alıb və 1968-ci ildə Buxarada “Mir-Ərəb” mədrəsəsinə daxil olub. O, dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində başa vurub.
A. Paşazadə 1975-ci ildən QMİ-nin məsul katibi , Təzəpir məscidinin axundu olub. O, 1980–cı ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və şeyx-ül-islam dərəcəsinə yüksəlib. A. Paşazadə bu günə qədər QMİ-nin sədri vəzifəsində çalışır. O, həmçinin Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur.
A. Paşazadə 1992-ci ildə Azərbaycanın, Dağıstanın,Kabardino Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib.
Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür.