Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.
Yenicag.az xəbər verir ki, sürücü Namiq Hüseynov 5 il müddətinə sürücülük hüququndan məhrim edilməklə, 10 il müddətinə azadlıqdan məhrum edilib.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 5 il sürücülük hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını, eyni zamanda zərərçəkənlərin mülki iddialarının təmin edilməsini istəyib.
Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub.
Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.
Zərərçəkmiş şəxslər çıxış edərək prokurorun çıxışı ilə razı olmadıqlarını, qəzaya səbəb olan digər şəxslərin də məsuliyyətə cəlb edilməsini istəyiblər. Daha sonra vəkil çıxış edib. Vəkil məhkəmənin ətraflı araşdırma aparmadığını deyib. O, videogörüntülərə baxılmadığını bildirib və ədalətli qərar qəbul edilməsini istəyib. Namiq Hüseynov da son sözlə çıxış edib. O bildirib ki, maşında artıq sərnişin olub, etibarnaməsi olmayıb. N. Hüseynov hadisənin təsadüfdən baş verdiyini deyib. Bu zaman onunla zərərçəkmiş şəxslər arasında mübahisə düşüb. Hakimlər zalı tərk ediblər.(APA)
www.yenicag.az