Arif Hacılıdan müxaliflərə sürpriz jest – Özəl
Qubad İbadoğlu: “Belə bir təklif olarsa…”
Musavat Partiyasında son qurultaydan sonra gərginlik hələ ki, səngiməyib. Tərəflər bir-birini ittiham etməkdə davam edir.
Bu arada Yeniçag.az saytının aldığı məlumata görə, hazırda başqan seçilən Arif Hacılı, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun oktyabrın 6-da çoxsaylı tərəfdarları ilə keçirdiyi görüşündən sonra, Məclis sədrliyinə məhz onun namizədliyini vermək istədiyini bildirib. Bundan başqa, verilən məlumatda o da deyilir ki, A.Hacılı hətta bəzi müavin postlarını da Qubad bəyin tərəfdarlarına güzəştə getmək niyyətindədir. Hələlik bu məsələni A. Hacılı ancaq öz tərəfdarları arasında müzakirə edib. Qubad İbadoğlu ilə isə məsələ hələlik müzakirə edilməyib.
Məsələ ilə bağlı münasibətini öyrənmək üçün Q. İbadoğlu ilə əlaqə saxladıq. O, təklifi alandan və müzakirə aparandan sonra, ona adekvat münasibət bildirəcəklərini söylədi: “Hələlik belə bir təklif yoxdur. Bununla bağlı müzakirələrə cəlb olunmamışıq. Amma, belə bir təklif olarsa, onu dəyərləndirmək üçün tərəfdarlarımızla müzakirələr aparacağıq. Bundan sonra təklifə adekvat münasibətimizi də bildirəcəyik”.
Rüfət/ Yenicag.az