Arzuolunmaz uşaq, vergili insan, Əzrayılla dostlaşan qadın…

… Həyətdəki kötüyün üstündə oturub, əlləri ilə başını tutdu. Ona elə gəldi ki, daha heç nə eşitmir, heç nə hiss etmir… Gözləri həyətboyu axıb gedən külqarışıq su şırnağına dikilib qaldı. O şırnaqda onun var-dövləti, yurd-yuvası, xatirələri axıb gedirdi: evi yanmışdı…

Xxx

…Həmişəki kimi yuxudan yenə hövlnak qalxdı: həyat yoldaşı ilə əl-ələ verib, min bir zəhmətlə tikdiyi o yurd yerini görmüşdü yuxuda… bir də Səməd Vurğunu. Şair ona qəribə söz demişdi… Demişdi ki, al bu dəftəri sənə verirəm, get şeir yaz, sən mütləq şair olacaqsan. Biranlıq nəyin gerçək, nəyin yuxu olduğunu aydınlaşdıra bilmədi. Sonra yanında yatan körpələrinə baxdı və fikirləri tam duruldu: artıq neçə müddət idi ki, ata evində qalırdı, canı qədər sevdiyi həyat yoldaşı da baş götürüb Rusiyaya getmişdi.

Qalxıb, kağız-qələm götürdü: sevdiyi kişiyə, övladlarının atasına məktub yazacaqdı. Ona elə gəldi ki, boğazında düyünlənən qəhəri ancaq o sözlər ovuda bilər. Qələmindən süzülənlərə özü də məəttəl qaldı: vərəqdəki şeir idi…

… Bu gün onun – həyatda qələmindən bir də ailəsindən başqa var-dövləti olmayan bir qadının – Azərbaycanın sevimli şairəsi Cığatel İsaqızının doğum günüdür. Yenicag.az onunla çox fərqli müsahibəni təqdim edir.

Xxx

– Deyirlər, ad insana təsadüfən qoyulmur. Sizin də qəribə adınız var.

– Mən istənilməyən övlad olmuşam. Anam 8-ci dəfə hamilə qalanda atam deyib ki, tələf et getsin. Min bir türkəçarə ediblər, xeyri olmayıb. Həyatdan minəlli yapışmışam… Doğulandan sonra demək olar ki, üzümə də baxmayıblar, ad da qoymayıblar. Uzun müddət adsız qalmışam. Bir gün ana babam gəlib, məni alıb qucağına… Deyib adını nə qoymusuz? Məlum olub ki, heç kim bu barədə düşünməyib də… Mən də qapqara saçlarla doğulmuşdum. Babam əlini başıma çəkərək deyib: qoy aşıq Ələsgərin cığatelindən olsun. Heç kim onun nə adını dəyişsin, nə də xətrinə dəysin… Sonradan oxudum ki, aşıq Ələsgər öz şeirlərində cığatel sözünü tez-tez işlədərmiş. Babam da istəyib ki, mən sazlı-sözlü qız olum.

– Babanız Tanrının diktəsi ilə sizin ömür yolunuzu cızıb.

– Təsəvvür edin ki, mən uzun illər adımı dəyişdirmək istədim. Amma risk etmədim. Hər dəfə də babamı yuxuda gördüm, fikrimdən vaz keçdim.

– Özünüzə hansı adı yaraşdırırdınız?

– İstəyirdim adım Leyla olsun. İnanın, hər gün ağlayırdım. Deyirdim, məni “Leyla” deyib çağırın. Arzum ürəyimdə qaldı. Amma illər sonra mən bu istəyimi reallaşdırdım: qızımın adını Leyla qoydum.

– Adınız Leyla olmadı… Əvəzində Cığatel xanım gördüyü işin, yazdığı şeirlərinin leylisi oldu.

– Onu inkar etməyəcəm, çox düz dediz. Mən bu sənətin, şeiriyyətin leylisiyəm.

– Kim dedi ki, Cığateldən şairə olar?

– Həyat dedi, taleyim, ruhum dedi… Bir də rəhmətlik Səməd Vurğun dedi. Mən onu düz 3 dəfə yuxuda gördüm. Hər dəfə də mənə söyləyirdi ki, sən şairə olacaqsan, yaz. Mən bir az qeyri-adi adamam, yəqin siz də hiss etdiniz. O deyirlər ki, şairlərdə altıncı hiss güclüdür, bununla tam razıyam. Hərdən zarafat edirəm, deyirəm, vallah, məndə altıdan keçib artıq, doqquz-filandır.

– Şairlər ruh adamı olur. Cığatel xanımın ruhu bu gün nədən ilhamlanır?

– Ey mənim dünyama gəlmək istəyən
Dünyam bir şairin haqq dünyasıdır.
Vədə ver, gəl çıxaq ruh görüşünə,
Elə mənim dünyam ruh dünyasıdır.

Cismimin cılız görünməyinə baxmayın, mən başdan-ayağa ruham.

– Mən biləni o Ruhu məhv eləmək istəyənlər çox oldu.

– Dəhşət… (sözü xüsusi vurğu ilə uzadır – red.) Onlar pislik etdikcə mən yaxşılıq etdim. Və heç vaxt da xeyirxahlığımdan əl çəkmədim.

– Kimə dediz ki, “həyat məni ağladanda gülmüşəm, sən ağlatsan gülmək olmur, nədəndir?”…

– (gülür) Bu kəlməni birinə dedim. Mənim ailə dastanım var, onu da çox adamlar bilir:

Sevgilim söyləsəm qəbahət olar
Acılı-şirinli məhəbbətim, gəl.
Ömür-gün yoldaşım, tale sirdaşım
Ağlayıb-güləndə həmsöhbətim, gəl…

Həyat yoldaşımla dəhşətli bir eşq yaşamışam. Evlənəndən sonra da bu sevgi heç səngimədi. 2 qızım, 1 oğlum var. Amma yoldaşıma olan məhəbbətim bir başqadır. Əslində, mənim ürəyim ayrı cürdür. Bir-birini sevən cütlüyü görən kimi mən də onlarla birgə sevməyə, narahat olmağa, həyəcanlanmağa başlayıram.

– Hətta bu yaşınızda?

– Bəli… Bu, çox qəribə hissdir. Mən içimdə o gənclərin sevgisini yaşayıram… Hətta onların yerinə ağlaya da bilərəm. Mən yadların dərdini, qəmini yaşayıram. Günlərlə fikirləşirəm ki, görəsən onların aqibəti necə oldu? Qovuşdularmı?

– Kiminsə dərdini çəkmək, ağırlığını üzərinizə götürmək nəyinizə lazımdır ki?

– Bu, mənim missiyamdır. Allah bunu mənim alnıma belə yazıb.

– Heç xeyirxahlıq edib, küsülüləri barışdırmısız?

– Məqamına baxıram. Əgər anlaşılmazlıq nəticəsində iki gözəl insan bir-birindən inciyibsə, vasitəçilik etmişəm. İkisini də başa salmışam ki, heç nədən ötrü bu gözəllikdə eşqi məhv etməyin.

– Yeri gəlmişkən, bəsirət gözü açıq olan Cığatel xanım şou-biznesin sevgili cütlükləri barədə hansısa proqnozu verdimi?

– Həəə…. bax bu yerdə deyim ki, mən şou-biznes nümayəndələrinin sevgisinə heç qarışmadım.

– Hətta Aygün-Namiq, Musa-Təranə sevgisinə də?

– Hə, vallah, heç kimin sevgisi barədə proqnoz-filan vermədim. Bilirsiz, bir az söz-söhbətdən qorxan adamam. Mənim öz dünyam var.

– Amma mən biləni “Aşıq Pəri” məclisinin üzvü olmuş Cığatel İsaqızını həmişə intriqalara, söz-söhbətə çəkmək istəyən insanlar olub.

– Olub, danmayacam.Varlığımı özünə dərd edən adamlar oldu. Kimlərəsə şər-böhtan atdılar, min söz dedilər, məni də həmin intriqaların, xoşagəlməz hadisələrin girdabına atmağa çalışdılar. Məni xalqın gözündən salmaq istədilər, amma alınmadı.

– Həyatınızın hansı məqamında dediniz ki, “desəm öldürərlər, deməsəm ölləm…”.

– Mənim bütün həyatım belə keçib də…

Hardasan İbn-sina… Dövrana loğman gərək
Adəmə, Həvvaya de, bir yeni insan gərək.
Dəvamız dərd əlində, dərmana dərman gərək…
Cığatel naçar qalıb, dərmanımız xəstədir.

– Deyirlər, qadın ən böyük uşaqdır…

– (gülür) Hə, elə mən də… Baxın, nəvələrim də var, amma mən böyümürəm, nə də ağıllanmıram.

– Sizi nədə aldatmaq olar?

– Sevgidə.

– Çox “sevgi-sevgi” dediniz. Amma deməyin ki, sevgidə sizi aldadan olmadı…

– Mən bir sevgi yaşadım, o kişi bu gün də yanımdadır. Onu da bağışlamağı öyrəndim artıq.

– Bəs xəyanətini necə, bağışlardınız?

– Bilirsiz, mənim anlamımda qadın sözünün özü incəlik, bağışlamaq deməkdir. Ona görə mən də bağışladım. Xəyanətini belə… Hətta onu məndən alan rus qadına şeir də yazdım.

Keçə bilməyirlər sarışın üzdən
Yubkalar yuxarı bir qarış dizdən.
Aldı kişiləri anyalar bizdən
Biri tapılanda, beşi tapılmır.

-Rus qadına?

– Bəli. Bu hadisə illər əvvəl olub. Onda ki evim yanıb kül oldu, var-dövlətim əlimdən çıxdı… Yoldaşım da baş götürüb qazanc üçün Ukraynaya getdi. Günlərin birində eşitdim ki, orda İra adlı bir rus qadını onu əlinə keçirib. Xəbəri eşidəndən xəstə yatdım. Və bir gün özümü toplayıb, ayağa qalxdım. Dedim ki, imkan verməyəcəm ki, hansısa rus qadın mənim ailəmi dağıtsın.

2000-ci il idi. Ukraynaya getdim. Ərimi İranın əlindən alıb gətirdim. Ondan sonra bir gün də olsun yanından ayrılmıram. Bir onu bilirəm ki, bizi ancaq ölüm ayıra bilər.

– Ölüm demişkən, heç Əzrayılla üzləşdinizmi?

– Düz 3 dəfə… Nəinki üzləşdim, hətta onun əlindən belə tutdum. Dedim, 1 saniyə vaxt ver, bacıma vəsiyyətimi edim, deyim ki, məni atamın yanında basdırsınlar. O da üzümə baxdı, əlimi buraxıb qeyb oldu. Yəqin balalarıma yazığı gəldi.

– Sizcə, bir qadın üçün ən böyük dəhşət nədir?

– (gözlərini yumub pıçıldayır) Qarşılıqsız sevgi, bir də unudulmaq…

Zakirə Zakirqızı
Yenicag.az

COP29