Asif İbrahimov: "Bakıdan İrəvana enerji məhsullarının ixracı regionda yeni mərhələdir"
“Azərbaycan ərazisindən Ermənistana yüklərin çatdırılması yalnız ticarət əməliyyatı deyil, eyni zamanda regionda iqtisadi əlaqələrin normallaşması istiqamətində mühüm bir addım kimi qiymətləndirilir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.
Ekspert, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısındakı çıxışı zamanı Azərbaycandan Ermənistana logistik proseslər haqqında səsləndirdiyi fikirləri şərh edib:
“Cənab Prezidentin Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında çıxışı zamanı Ermənistan istiqamətində həyata keçirilən yeni iqtisadi və logistik proseslər barədə səsləndirdiyi fikirlər regionda iqtisadi əməkdaşlıq mühitinin tədricən dəyişdiyini göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 28 min ton müxtəlif təyinatlı yük çatdırılıb. Bunun 12 min tonunu isə neft məhsulları — benzin və dizel yanacağı təşkil edib. Beləliklə, ilk dəfə olaraq Azərbaycanın enerji məhsullarının Ermənistana ixracı reallaşıb.”
İqtisadçı qeyd edib ki, bu proses iki ölkə arasındakı münasibətlərin fərqli bir mərhələyə keçidinin göstəricisidir:
“Bu proses yalnız ticarət əməliyyatı kimi deyil, eyni zamanda regionda iqtisadi əlaqələrin normallaşması istiqamətində mühüm bir addım kimi qiymətləndirilir. Düşünürəm ki, bu hadisə bir neçə strateji istiqamət üzrə əhəmiyyət daşıyır:
Birincisi, regional iqtisadi münasibətlərdə yeni mərhələnin başlanğıcıdır. Uzun illər məhdud və qeyri-formal xarakter daşıyan iqtisadi əlaqələrin daha sistemli və institusional çərçivəyə keçməsi üçün ilkin zəmin formalaşır.
İkincisi, enerji resurslarının iqtisadi diplomatiya aləti kimi istifadəsi genişlənir. Azərbaycanın neft məhsullarının ixracı yalnız kommersiya məqsədi daşımır, həm də regionda etimad mühitinin gücləndirilməsinə xidmət edir.
Üçüncüsü, logistika və tranzit imkanlarının genişlənməsi müşahidə olunur. Azərbaycan ərazisinin regional yük daşımalarında aktiv rol oynaması ölkənin tranzit potensialını artırır və əlavə iqtisadi dəyər yaradır.
Dördüncüsü isə, qarşılıqlı iqtisadi asılılıq elementləri formalaşır. Bu, gələcəkdə regionda sabitlik və əməkdaşlığın iqtisadi əsaslarla möhkəmlənməsi üçün mühüm faktor kimi çıxış edə bilər.”
A. İbrahimov Azərbaycan və Ermənistan arasında logistik proseslərin artmasının gələcək münasibətlər potensialı üçün əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb:
“Bu tip iqtisadi əlaqələrin davamlılığı siyasi proseslərin sabitliyindən birbaşa asılıdır. Regionda mövcud geosiyasi reallıqlar nəzərə alınaraq, ticarət və logistika kanallarının dayanıqlığı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ərazisindən Ermənistana həyata keçirilən yük və enerji məhsullarının daşınması regionda iqtisadi dialoqun genişlənməsi və potensial əməkdaşlıq mexanizmlərinin formalaşması baxımından əhəmiyyətli hadisədir.”
Nurlan Cəfəri













