Avropa İttifaqına üzv olan ölkələrinin liderləri Rusiyaya qarşı sanksiyaların uzadılması barədə razılıq əldə ediblər.
Yenicag.az-ın məlumatına görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk öz “Twitter”-ində bildirib.
“Qərara aldıq. Avropa İttifaqı Rusiyanın Minsk razılaşmalarını tam yerinə yetirməməsinə görə sanksiyaların müddətini uzadacaq”, – deyə Tusk bildirib.
Məlumata əsasən, Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasına dair rəsmi qərarın Aİ-yə üzv dövlətlərin liderlərinin sammitindən bir neçə gündən sonra qüvvəyə minəcəyi gözlənilir.
Qeyd edək ki, sammitin işi iyunun 23-də başa çatacaq.
Xatırladaq ki, bir müddət öncə ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini elan edib. Sanksiyalar iqtisadiyyat nazirinin müavini Sergey Nazarov və qanunverici Aleksandr Babakov da daxil edilməklə, 38 şəxs və Ukraynanın şərqindəki Rusiyayönümülü fərdlərə şamil edilir.
Daha əvvəl ABŞ Senatı böyük əksriyyətlə Rusiyanın 2016 ABŞ prezident seçkilərinə müdaxiləsi, insan hüquqları sahəsində yol verdiyini pozuntular, kiberhücumlar və Suriya hökümətini silahla təmin etməsi kimi addımları cəzalandırmasını nəzərdə tutan sanksiyaların lehinə səs verib.
www.yenicag.az