“Azərbaycana digər ölkələrlə müqayisədə az vəsait ayırması Avropa İttifaqının ikili standartlarından xəbər verir”.
Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrə yeni növ koronavirus pandemiyası ilə mübarizə üçün 80 milyon, qısamüddətli dəstək üçün isə 883 milyon avro vəsait ayıracaq.
Ayrılan ümumi vəsaitdən 14 milyon avro Azərbaycan, 183 milyon avro Gürcüstan, 60 milyon avro Belarus, 87 milyon avro Moldova, 190 milyon avro Ukrayna, 92 milyon avro isə Ermənistan üçün nəzərdə tutulub. Siyahıya nəzər saldıqda, proqramın digər üzvlərindən fərqli olaraq, Azərbaycana ayrılan vəsaitin xeyli az olduğu görünür.
Bu fərqin səbəbini Yenicag.az-a şərh edən politoloq Zaur Məmmədov bildirib ki, Avropa İttifaqının qeyd olunan addımı “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrə qarşı ikili standartların yeni təzahürüdür və heç bir halda doğru yanaşma deyil:
“Avropa İttifaqının proqrama üzv ölkələrə ayırdığı vəsaitlərin məbləği arasında çox böyük fərqlər var. Lakin unutmayaq ki, Azərbaycan Gürcüstan, Belarus, Ukrayna, Moldova, Ermənistandan fərqli olaraq, neft-qaz ölkəsidir və iqtisadi cəhətdən sabitlik hökm sürür.
Belarus və Ermənistan koronavirusla mübarizə üçün Avropa İttifaqından yardım istəmişdi və hər iki olkə bu prosesin onlara ciddi problemlər yaratdığını bildirmişdi.
Azərbaycanın isə koronavirusla mübarizə məqsədilə ayırdığı vəsait effektiv nəticə əldə etmək üçün yetərlidir”.
Gülşən Şərif
www.yenicag.az