İsveçin “Ostersun” klubunun adı azərbaycanlı futbolsevərlər üçün məzə obyektinə çevrilsə də, ötən gecə Türkiyə nəhəngi “Qalatasaray” üzərində qazandıqları 2:0 hesablı qələbəyə, türklər demiş, “şapka çıkartmak lazım”…
Çünki söhbət tarixində ilk dəfə avrokuboklarda çıxış edən komandadan gedir. Bu komandanın heç avtobusu belə yoxdur. Futbolçular məşqə və oyunlara şəxsi avtomobilləri ilə gedirlər. İndi ilk dəfə avrokuboklarda mübarizəyə qoşulan və debütünü “Qalatasaray” kimi klub üzərində qələbə qazanmaqla qeyd edən “Ostersun” Bakıya gəlməyə çox yaxındır.
Belə ki, Azərbaycan təmsilçisi “İnter”, Lüksemburqun “Fola” klubunu mübarizədən kənarlaşdıracağı halda, növbəti mərhələdə məhz “Ostersun” – “Qalatasaray” cütünün qalibi ilə üz-üzə gələcək. Düzdür, ilk oyunda 0:2 hesablı məğlubiyyətə baxmayaraq, hələ də fovarit göstərilən komanda “sarı-qırmızılar”dır. Amma onu da unutmaq lazım deyil ki, isveçlilər İstanbulda keçiriləcək qarşılaşmada qazandıqları qələbəni qorumağa, zəfərə zəfər qatmağa çalışacaq.
Bəs “Ostersun” haqda daha nələr bilirik?
İsveç təmsilçisi 1996-cı ildə yaradılıb. Komandanın baş məşqçisi 42 yaşlı Qraham Potterdir. O, bu vəzifəni 2011-ci ildən icra edir. 42 yaşlı mütəxəssisin başçılıq etdiyi komanda ev oyunlarını 8500 azarkeş tutumu olan “Jamtkraft Arena”da keçirir.
Əsasən yerli oyunçulardan ibarət olan komandanın büdcəsi təqribən 2,5 milyon avrodur. Komandada 6 legioner futbolçu çıxış edir. “Ostersun” İsveçin yüksək liqasına ilk dəfə ötən il vəsiqə qazanıb. Klubun Avroliqaya vəsiqə əldə etməsinə gəlincə, Potterin komandası buna ölkə kubokunu qazanmaqla nail olub. Mövsümü 8-ci pillədə tamamlayan “Ostersun”, ölkə kubokunun finalında “Norçöpinq”i 4:1 hesabı ilə darmadağın edib.
Ümumiyyətlə, Bakı “İnter”inin potensial rəqibi əzmkarlığı ilə seçilir. 2010-cu ildə VI liqaya düşən komanda, əsas liqaya ardıcıl çempionluqlarla yüksəlməyi bacarıb.
Qeyd edək ki, “Ostersun”un əsas oyunçuları ingiltərəli Camie Hopkutt və iran əsilli İsveç millisinin üzvü Saman Qoddosdur. Birinci, cari mövsümdə 5 qol vurub, ikinci isə 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Emin Səfərov
Yenicag.az
www.yenicag.az