AXCP-dən heç kim istefa verməyib-Açıqlama
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsinin 52 üzvünün partiyadan istefa verməsi xəbərinə şöbənin sədri İsa Qurbanov münasibət bildirib.
AXCP Sumqayıt şəhər şöbəsinin rəsmisi açıqlamasında deyib ki, bu gün AXCP Sumqayıt söbəsindən bir nəfər də olsun, istefa verməyib.
“AXCP Sumqayıt şəhər təşkilatının sabiq sədri, iki ay bundan qabaq sədr olduğu dövrdə partiya sənədlərini saxtalaşdırdığına görə AXCP Sumqayıt söbəsi Məclisi tərəfindən partiyadan qovulan Kəmaləddin Rəhimov “Yeni müsavat qəzeti”nə, eyni adda sayta və digər elektron mediaya müsahibə verərək bildirib ki, guya 52 nəfərlə birgə partiya sıralarından istefa verib. Bu, tamamilə ağ-yalandır. Partiyadan heç kim istefa verməyib. Əgər istefa veriblərsə, hanı bəyanat, hanı o 52 nəfərin imzası? O, yenə öz əməlindən əl çəkməyərək saxtakarlıq edir. Bir ay bundan qabaq da Sumqayıtda nəşr olunan “168-ci saat” qəzetinə müsahibə verərək 49 nəfərlə birlikdə istefa verdiyini bəyan etmişdi. Bir adam bir ayın içində neçə dəfə bəyanat verib istefa verər? Tam məsuliyyətlə bildirirəm ki, bu gün AXCP Sumqayıt söbəsindən bir nəfər də olsun, istefa verməyib”, – deyə İsa Qurbanov vurğulayıb. (aznews.az)