AXCP-yə ÜMİD yoxdur
“Ümid Partiyasının AXCP ilə blok yaratması real görünmür”
“Ümid Partiyası parlament seçkilərində AXCP ilə bir blokda təmsil olunmayacaq”. Bu sözləri Yenicag.az-a açıqlamasında Ümid Partiyasi icra aparatının rəhbəri Taleh Əliyev söyləyib:
“Partiyamız parlament seçkilərinə ciddi formada hazırlıq içindədir. Ümid-in seçkiyə hazırlıq strategiyasında əsas hədəf müxalifətin daha geniş koalisiyası ilə, xüsusən də hədəfləri bəlli ciddi siyasi qüvvələrlə birgə seçki prosesinə başlamaqdır. Bu istiqamətdə aparıcı müxalifət partiyaları ilə intensiv danışıqlar gedir. Amma geniş formatda işlər baş tutmasa, partiyamız təkbaşına da olsa, seçkilərdə iştirak edəcək. Bununla bağlı yerli təşkilatlara da müvafiq göstərişlər verilib. Partiya seçkilərə sıradan bir seçki kimi yanaşmır. Azərbaycanda demokratiyanın və bütövlükdə ölkənin təhlükəsizliyi üçün vacib bir dövrdə keçirildiyini nəzərə alaraq, müxalifət partiyalarının geniş koalisiyada iştirakının tərəfdarıdır. Bunun baş verib-verməyəcəyini yaxın həftələrdə görəcəyik. Ümid Partiyası ilə AXCP təmsil olunduğu bir blokun yaradılması isə real görünmür. Çünki, hər iki partiyanın cəmiyyətə verdiyi mesajlar, siyasi ritorika fərqlidir. Ona görə də siyasi mesaj, baxışları, ideya və fikirləri üst-üstə düşən partiyalarla əməkdaşlıq mümkün ola bilər. Bu istiqamətdə danışıq formatı da İnsan Haqları və Demokratiya Mərkəzi kimi tanınan, 11 partiyanın birləşdiyi siyasi qurumda olan siyasi partiyalarla aparılır”.
Rüfət