AYNA-dan “YENİ MODA”: “Eksperiment edək, alınmırsa, sökərik”
“Sadəcə deyiblər ki, eksperiment edək, görək, alınmırsa, sökərik”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynli bildirib.
Ekspert, bu gün sosial şəbəkələrdə yayılan görüntüləri şərh edib.
Xatırladaq ki, paytaxtın Nərimanov rayonunun Əhməd Rəcəbli və Fətəli xan Xoyski küçələrinin kəsişməsində, yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsinə yeni obyekt quraşdırılıb.
Sözügedən görüntülər isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı fikirlərini səsləndirən mütəxəssis isə bildirib ki, piyadaların yolunun üstündə hansısa konstruksiya qurmaq qanunsuzdur:
“Qanunsuz şəkildə inşa edilmiş konstruksiya quraşdırmaqla sanki bunlar eksperiment edirlər. Əhalinin daha çox gur, intensiv istifadə etdiyi piyada zolağının tam qarşısında qoyublar. Azərbaycanda kiçik sahibkarlıq sahəsi ilə məşğul olan insanlarda fikir formalaşıb ki, metro çıxışlarında, piyada keçidlərinin gur hərəkət etdiyi yerdə biznes obyektləri qururlar ki, orada insan axını çoxdur, daha çox ticarət etmək olar. Onu deyə bilərəm ki, AYNA, bilmirəm, buna necə imkan yaradıb, Bakı Şəhər İcra Hakimiyyəti buna necə şərait yaradıb? Əslində, baxanda isə hansısa sahibkar fikirləşir ki, burada əhalinin intensiv hərəkətdə olan yeridir, amma onu unudublar ki, əhalinin hərəkətinə mane olurlar”.
Ekspert hesab edir ki, sözügedən konstruksiya təcili şəkildə oradan yığışdırılmalıdır:
“Təbii ki, bu oradan yığışdırılmalı, başqa əraziyə köçürülməlidir. Bu görüntü nə şəhərin estetikasına, nə şəhərsalma arxitektura qaydalarına uyğundur və ümumiyyətlə, vətəndaşların hərəkətinin məhdudlaşdırılmasına yönəlik tikinti obyektidir. Hesab edirəm ki, bu qanunsuz bir obyektdir. Düşünmürəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin və ya AYNA-nın xüsusi razılığı əsasında tikilib. Sadəcə deyiblər ki, get, tik, eksperiment edək, alınarsa, qalsın, alınmazsa, yığışdırıb sökərsiniz. Mən bu tikilini bu cür qiymətləndirirəm”.
Nurlan Cəfəri