“Bu gün ölkəmizdə böyük qayıdış prosesi sürətlə davam etdirilir. Həmçinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində bilavasitə cənab Prezidentin rəhbərliyi ilə çox böyük abadlıq və quruculuq işləri sürətli bir formada davam etdirilir. Bu gün dövlətimiz bu ərazilərin bərpasına xüsusi önəm verir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O, “Böyük Qayıdış”la bağlı Azərbaycan dövlətinin apardığı siyasətdən, habelə işğaldan azad olunmuş rayonlarımızın bərpası ilə bağlı görülən quruculuq işlərindən söz açıb.
C. Məmmədovun fikrincə, artıq Zəngilanda, Şuşada, Ağdamda, Xankəndidə, Cəbrayılda və digər ərazilərimizdə insanlarımız mərhələli şəkildə məskunlaşdırmış və bu istiqamətdə dövlət davamlı olaraq müxtəlif tədbirlər həyata keçirmişdir:
“Bu gün cənab Prezidentin özünün də bu prosesdə fəaliyyətini görürük. Yəni cənab ölkə başçısı Qarabağın bərpa-quruculuq işlərində fəal iştirak edir, bölgələrə yollanır, əhali ilə görüşlər həyata keçirir və ən qısa müddətdə əhalinin köçürülməsi üçün lazım olan addımlar dövlətimiz tərəfindən atılır. Artıq bu il Cəbrayıla köç də nəzərdə tutulur. Yəqin ki, sentyabr-oktyabrda artıq insanlarımız doğma yurda köçüb burada məskunlaşacaqlar. Əslində, torpaqlar azad olunarkən insanların yanaşması ondan ibarət idi ki, bu proses bir müddət çəkəcək. Amma baş verən hadisələr göstərdi ki, dövlətimiz bütün bu proseslərin hamısına xüsusi diqqətdə və nəzarətdə saxlayır və lazımi addımları atır. Beləliklə, planlaşdırılandan da daha qısa vaxtda dövlətimiz bunu icra edəcək. Azad olunmuş ərazilərdə ən yüksək səviyyədə təmir və bərpa olunacaq və insanlarımız öz doğma yurdlarına köçəcəklər”.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə isə mövzu ilə bağlı qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti şanlı qələbə qazandı:
“30 ildən artıq işğalda olan torpaqlarımız azad edildi, Azərbaycan ərazi bütövlüyünü əldə etdi və bundan sonra, əlbəttə ki, Azərbaycan dövlətinin əsas prioriteti Qarabağda quruculuq işləri aparmaq idi. Çünki 30 ildən artıq müddət idi ki, bizim həmin torpaqlardan qaçqın düşən soydaşlarımız, köçkünlərimiz öz vətənlərinin həsrətində idilər. Lakin erməni vandalları işğal etdikləri ərazilərdə çox böyük dağıntılar aparmışdı. Bütün maddi-mədəni, eləcə də mənəvi abidələr soyqırımına məruz qalmışdı”.
“Ümumiyyətlə, həmin torpaqlarda ermənilər daşı daş üstə qoymamışdılar. Belə bir vəziyyətdə dövlətimiz üçün prioritet abadlıq, quruculuq işlərinin aparılması idi. Beləliklə, ilk fəaliyyət istiqamətində cənab Prezidentin tapşırığı bu oldu ki, Qarabağda quruculuq işləri aparılmalı və “Böyük Qayıdış”la bərabər soydaşlarımız öz torpaqlarına qayıtmalıdır. Bu fəaliyyət, demək olar ki, bütün torpaqlarda aparılır, paralel şəkildə abadlıq-quruculuq işləri görülür, yollar çəkilir, evlər tikilir, şəhərciklər salınır, aeroportlar tikilir Qarabağa yeni bir sima verilir. Tarixi-mədəni abidələrimiz, məscidlər bərpa edilir və bu gün çox müsbət haldır ki, bu ərazilərdə artıq beynəlxalq tədbirlər keçirilir”, – deyə F. Hüseynzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Şuşada, Laçında, Füzulidə, Zəngilanda və digər şəhərlərdə beynəlxalq tədbirlərə ev sahibliyi edir:
“Artıq biz dünyaya Qarabağdan səs salırıq və bütün bu işlərlə paralel olaraq “Böyük Qayıdış” da başlanılmışdır. Soydaşlarımız mərhələ-mərhələ, hissə-hissə öz dədə-baba torpaqlarına qayıdırlar. Hətta cənab Prezident bu şəhərciklərin yaradılmasında, abadlıq-quruculuq işləri ilə bağlı bütün təməlqoyma mərasimlərində şəxsən özü iştirak edir. Eyni zamanda, o, “Böyük Qayıdış”ın təşkil olunduğu ərazilərdə soydaşlarımızla görüşlər keçirir. Axırıncı belə görüş Xocalıda keçirildi. Xocalıya köçən soydaşlarımızı 30 il sonra öz evlərində gördük. Onlar inanmırdılar ki, 30 il sonra qoyub getdiyi evlərinə təzədən yeni bir simada və formada qayıdırlar. Azərbaycan dövləti öz gücünə, heç bir ölkədən qrant, kredit almadan, Qarabağda abadlıq-quruculuq işləri aparır. Məqsəd odur ki, “Böyük Qayıdış”la bərabər son sakinə kimi həmvətənlilərimiz öz yerlərinə qayıtsın, yenidən öz ata baba yurdlarında yaşasınlar. Çünki artıq Qarabağa həyat qayıdıb”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusu üzrə dərc olunub.
Rafi Müslümov
www.yenicag.az