Bu gün deputat Azay Quliyev pandemiya başlayandan sonra ilk dəfə olaraq 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 7a saylı və 8-ci mikrorayon İ.Dadasov küçəsi, 68 saylı binaların həyətində açıq havada karantin rejiminin tələblərinə riayət etməklə görüş keçirib.
Görüşdə iştirak edən seçicilər yaşadıqları binanın sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikilməsi, abadlıq-quruculuq işləri, kommunal və məşğulluq məsələləri ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar.
Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı aidiyyəti qurumların görüşdə iştirak edən nümayəndələri qeydlər aparıb və onların araşdırılaraq həll ediləcəyi bildirilib.
Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov da iştirak edib.
www.yenicag.az