!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan beynəlxalq terrorçuluğa qarşı mübarizədə aktivləşir: Prezidentin mühüm sərəncamının ştrixləri - VİDEO

!Reklam – Yazi

10:25

“Bir sıra təşkilatlar bəzən malik olduqları vəsaitlərin əsl mənbəyini gizləməklə, pul köçürmələri həyata keçirirlər”.

Bu fikirləri prezident İlham Əliyevin mayın 30-da imzaladığı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamını Yenicag.az-a şərh edən Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Dövlət başçısının imzaladığı məlum Sərəncamda müvafiq dövlət qurumlarının qarşısında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartlara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə riayət olunması vəzifəsi qoyulub.

Millət vəkili Tahir Kərimli saytımıza açıqlamasında prezident İlham Əliyevin 30 may tarixli Sərəncamını Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizəsində yeni mərhələ kimi qiymətləndirib:
“Bu sərəncamı şərtləndirən ən mühüm məsələlərdən biri beynəlxalq terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı BMT-nin müəyyənləşdirdiyi bir sıra qaydalardır. Yəni bu sərəncamın verilməsində həlledici məqam beynəlxalq faktordur. Cənab prezidentin 30 may 2019-cu il tarixli Sərəncamının əsas əhəmiyyəti bundan ibarətdir ki, Maliyyə Monitorinq Xidməti Vergilər Nazirliyinin yanında olacaq. Bundan əlavə, Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin təmin olunması ön plana keçirilir və müvafiq beynəlxalq təşkilatların Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər barəsində müntəzəm məlumatlandırılması nəzərdə tutulur.

Bildiyiniz kimi, BMT-də İŞİD və “Əl-Qaidə” terror təşkilatlarına qarşı mübarizə üzrə komitələr fəaliyyət göstərir. Azərbaycan da beynəlxalq terrorçuluğa qarşı mübarizə çərçivəsində o qurumlarla sıx əməkdaşlıq edir, milli qanunvericilikdə edilən zəruri dəyişiklikləri müntəzəm qaydada onların diqqətinə çatdırır, görülən işlər haqqında onları bilgiləndirir. Qeyd edim ki, Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri ilə digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilik bazası mövcuddur, Cinayət Məcəlləsində bununla bağlı xüsusi maddələr var. Prezidentin sərəncamında həmçinin 2010-cu ildə qəbul edilmiş xüsusi qanunun praktikliyinin təmin olunması nəzərdə tutulur.

Buna uyğun olaraq, Maliyyə Monitorinq Xidməti publik hüquqi şəxs statusundadır və xüsusi siyahılar hazırlayır.

Adları həmin siyahılara daxil edilmiş təşkilatlarla – istər ölkədaxili, istərsə də xaricdəki təşkilatlar – hər hansı əqdlərin bağlanması, əlaqələrin qurulması qanunla qadağan olunub və bu qadağanın pozulması hüquqi məsuliyyət yaradır. Digər tərəfdən, sərəncamın diqqət çəkən vacib istiqamətlərindən biri də ondan ibarətdir ki, bir sıra təşkilatlar bəzən malik olduqları vəsaitlərin əsl mənbəyini gizləməklə, pul köçürmələri həyata keçirirlər. Sərəncam bu halların qarşısının tamamilə alınması üçün zəmin yaradır.

Dediyim kimi, Azərbaycanda bu neqativ hallara qarşı qabaqlayıcı tədbirlər xeyli gücləndirilib. Bütün hüquq-mühafizə orqanları – Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu işə cəlb ediliblər.

Bu sərəncam da büdcə siyasətinin həyata keçirilməsində və büdcəyə yönəldilməsi üçün vacib olan vergi yükünün doğru istiqamətləndirilməsində və eyni zamanda bir çox qurumların qeyri-qanuni köçürmələr etməsinin monitorinqi istiqamətində ölkə başçısı tərəfindən tam yerində verilib.

Cənab prezident imzaladığı bu sərəncamla deyilən istiqamətdə görülən tədbirlərin təkmilləşdirilməsi üçün adları çəkilən dövlət qurumlarının qarşısında yeni vəzifələr qoyub. Yəni burada əsas məqsəd qeyd olunan istiqamətdə önləyici tədbirlərin təsirinin artırılmasıdır. Bilirsiz ki, Azərbaycan da İŞİD və “Əl-Qaidə” ilə mübarizəyə öz töhfələrini verdi, onların uzantılarının ölkəmizə keçməsinə imkan vermədi, həmin terror təşkilatlarına qarşı ən sərt tədbirlər həyata keçirildi. O baxımdan, bir daha deyirəm ki, bu sərəncamın verilməsində əsas məqamlar xarici faktorlarla əlaqəlidir. Cənab prezident də bu barədə beynəlxalq standartlar səviyyəsində yeni qanunvericilik aktlarının hazırlanması vəzifəsini müvafiq dövlət orqanlarının qarşısında qoyub”.

A.Zeynalov

COP29

www.yenicag.az

10234
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv