Milli Məclisin bu gün keçirilən plenar iclasında cəbhədə hökm sürən atəşkəsin Azərbaycanın xeyrinə olmadığı vurğulanıb.
Yenicag.az xəbər verir ki, bu barədə çıxış edən millət vəkili Fərəc Quliyev Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün hərəkətə keçməli olduğunu deyib.
Fərəc Quliyevin sözlərinə görə, Azərbaycanın gələn il üçün qəbul olunmuş dövlət büdcəsində də hərbi məsələlər o qədər də qabardılmayıb:
“Çox təəssüf ki, Azərbaycan dövlət büdcəsindən barıt qoxusu gəlmir. Biz bunu büdcə müzakirələrində də, sənədin özündə də görürük. Bildiyiniz kimi, bir müddətdir ki cəbhədə atəşkəs rejimi hökm sürür. Ancaq bunun nə dərəcədə doğru olduğu sual altındadır. Ərazi bütövlüyü pozulmuş ölkədə atəşkəs olmamalıdır. Müəyyən dövr üçün qəbul edilmiş atəşkəs uzun müddətdir davam edir”.
Müdafiə Nazirliyinin bir müddət əvvəl “işğal altındakı Azərbaycan torpaqlarında düşmən aviasiyası təmas xəttini keçərsə, vurulacaq” bəyanatına münasibət bildirən Fərəc Quliyev “Azərbaycanın sərhədləri təmas xəttindən keçir?”. deyə sual ünvanlayıb:
“Bütün bu məsələlərə aydınlıq gətirilməlidir. Bu məsələ çox ciddi müzakirə olunmalıdır”.
www.yenicag.az