Azərbaycan çempionu Dejan Brdjoviç vəfat edib. 49 yaşlı serbiyalı mütəxəssis yaşadığı evdə dünyasını dəyişib.
Polşanın “Şetsin” klubunu çalışdıran Brdjoviç ölkə çempionatında yaranan fasilə səbəbindən Belqrada ailəsinin yanına dönüb. Əsas məqsədi yeni ili doğma ölkəsində keçirmək olan Brdjoviçin bu istəyi ürəyində qalıb. Onun hələlik nədən vəfat etdiyi rəsmi açıqlamır.
2010/2011 mövsümündə “Rabitə” voleybol klubunun Azərbaycan çempionu edən və Çempionlar Liqasının finalına yüksəldən mütəxəssis 2014/2015 mövsümündə də Bakı klubunun “sükanı arxası”nda olub. Lakin artıq tarixin yaddaşına köçən “Rabitə”də onun ikinci dönəmi uğurlu alınmayıb və 2015-ci ilin fevralında istefaya göndərilib.
Hər 2 gedişində komandamızda onu əvəzləyən həmyerlisi, hazırda “Telekom”un baş məşqçisi olan Zoran Qayiç isə Brdjoviçin ölməsinə məyus olub. Olimpiya çempionu bildirib ki, dünya voleybolu ən yaxşı mütəxəssislərindən birini itirib.
Qeyd edək ki, sabiq Yuqoslaviya yığmasında 300-dən artıq oyun keçirmiş Brdjoviç 10-dan artıq klubun şərəfini qoruyaraq, müxtəlif titulların sahibidi. Aktivində dünya və Avropa çempionatlarının da medalları olan mütəxəssis baş məşqçi kimi də bir sıra uğurlara imza atıb. Ölkəsi ilə yanaşı, İtaliya, Azərbaycan və Polşada çalışan Brdjoviç bu çempionatlarda fəxri kürsüyə yüksəlməyi bacarıb. (APA)
www.yenicag.az