“Azərbaycan dövlətinin siyasəti də məhz buna hədəflənib”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin yeganə ciddi problemidir. Dövlət rəhbərliyi ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlarını səfərbər edib və hazırda münaqişənin həlli üçün danışıqlar aparılır.
Bunu millət vəkili Elman Məmmədov deyib.
O qeyd edib ki, son vaxtlar cəbhə bölgəsində gərginliyin artması münaqişənin həllini daha da zəruri edir və ermənilər təxribatlar törədərək problemin həllini uzatmağa çalışırlar: “Problem bundadır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər, eləcə də müvafiq beynəlxalq qurumlar işğalçı Ermənistana qarşı ciddi tədbirlər görmür, hətta bəzi hallarda onu himayə edirlər. Ona görə də, Ermənistan öz xarici havadarlarına güvənərək münaqişənin sülh yolu ilə həllini uzadır. Amma nəzərə almalıdır ki, Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var və öz torpaqlarını işğaldan azad etməyə qadirdir”.
Millət vəkili deyib ki, həmsədrlərin hərəsi bir dövləti təmsil edir: “Bu dövlətlərin də strateji maraqları var. Həmin dövlətlərin nümayəndələri özbaşına deyil ki? Onların vaxtaşırı bəyanat verərək, “irəliləyiş var, bu il qızıl ildir” və s. demələri dünya ictimaiyyətini aldatmaqdır. Çünki onları 1 milyondan çox məcburi köçkünün hansı vəziyyətdə yaşaması, bu insanların öz doğma torpaqlarına qayıtmaq istəyi deyil, münaqişənin həllində vasitəçi kimi əldə etdikləri titulları, səfir vəzifəsi, yaxşı maaşları və xarici ölkələri gəzmələri maraqlandırır. Həmsədrlər bu imtiyazları əldən verməmək üçün yalan məlumatlar yaymaqla məşğuldurlar”.
Onun sözlərinə görə, indiki bəyanatlarına da fikir versəniz görərsiniz ki, yüz minlərlə insanın öz torpaqlarına qayıtmasının zəruriliyi haqqında heç bir fikir səsləndirmirlər: “Yalnız çağırış edirlər ki, atəşkəsə əməl edin, etimad yaradın. Belə çağırışlarla işğalçı Ermənistanı öz hərəkətlərindən çəkindirmək mümkün deyil.
Onu da demək istəyirəm ki, həmsədr dövlətlərin maraqları bir-biri ilə toqquşur. Çox zaman onlar haqq-ədalət tərəfindən yox, öz maraqlarından çıxış edirlər. 1992-ci ildən Ermənistanın tərəfini tutublar. Onlar yalnız ermənilərin dediyini deyib Azərbaycanı güzəştə məcbur etmək istəyirlər. Torpaqlarımızın bir qarışını da güzəştə getməyəcəyik. Azərbaycanın güzəşti odur ki, ermənilərə yüksək statuslu muxtariyyət versin. Əslində, ATƏT-in qərarlarının icra mexanizmi yoxdur. Ona görə də, işğalçılıqdan əl çəkməsi üçün erməniləri məcbur etmək çətindir. Amma münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunarsa, Ermənistanı məcbur etmək olar ki, işğal etdiyi torpaqları tərk etsin. Görünən isə odur ki, müəyyən beynəlxalq dairələr bu qətnamələrin icrasına maraqlı deyil”.
E.Məmmədov əlavə edib ki, həmsədr dövlətlər də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir: “Rusiya Ermənistanı özünü forpostu, Fransa bacısı hesab edir. ABŞ isə işğalçı Ermənistana və Dağlıq Qarabağın separatçı rəhbərliyinə milyonlarla dollar maliyyə yardımı edir. Belə olan təqdirdə həmsədrlərin nə ədalət gözləməyə dəyər? Biz öz gücümüzə arxalanmalıyıq. Öz gücümüzlə Ermənistanı diz çökdürməliyik. Azərbaycan dövlətinin siyasəti də məhz buna hədəflənib”.