Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərarası əməkdaşlığı müzakirə olunub
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisində (TBMM) Gürcüstanla dostluq qrupunun rəhbəri Faruk Çelik və qrupun üzvləri ilə görüş keçirib.
APA-nın yerli bürosu xəbər verir ki, tərəflər iki ölkə arasında dostluq münasibətlərini və yüksək səviyyədə qarşılıqlı səfərlərin müsbət dinamikasını müzakirə ediblər.
Görüşdə ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinə hazırlıq ifadə olunub. Tərəflər Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın əhəmiyyətini də vurğulayıblar.
Söhbət zamanı parlament əməkdaşlığı, dostluq qrupları və komitələr arasında sıx əlaqələr də nəzərdən keçirilib.
TBMM-nin nümayəndə heyətinin üzvləri ilə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze də görüşüb. Əsas diqqət Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli əməkdaşlığa yönəldilib. Qeyd olunub ki, bu format regional əməkdaşlığın yaxşı nümunəsi olaraq bölgədə təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verir.
Tərəflər regional təhlükəsizlik məsələlərinin, o cümlədən Azərbaycan və Ermənistan arasında mövcud vəziyyətin və sülh istiqamətində proseslərin də müzakirəsini aparıblar. Bölgədə dayanıqlı sülhün bərqərar olunmasının vacibliyi, Türkiyə və Gürcüstanın bu prosesdə mühüm rolu qeyd edilib.












