Azərbaycan klubları 100 min dollar ziyana düşdü – FİFA-dan açıqlama

FİFA-nın 2019-cu ilin transferləri ilə bağlı hesabatı açıqlanıb.

Yenicag.az saytının məlumatına görə, il ərzində kişi futbolçuların transferlərinin ümumi məbləği 7,35 milyard dollar təşkil edib.

2018-ci illə (6,94 milyard) müqayisədə 5,8 faiz artan bu rəqəm yeni rekorddur. Ümumilikdə 18042 transfer rəsmiləşib. 2018-ci ildə bu rəqəm 16544-ə bərabər olub. 15463 futbolçunun keçidində 178 ölkə iştirak edib. Keçidlərdən 15357-si kompensasiyasız gerçəkləşib. 759 transferin qiyməti isə 100 min dollardan aşağı olub. 1093 transferin dəyəri 100 min – 1 milyon aralığında, 656 keçid 1-10 milyon, 176-sı daha yüksək olub.

1988 braziliyalı transfer olub. Onların dəyəri 925 milyon təşkil edib. 946 argentinalı 826,7 milyona satılıb.

Azərbaycanın 11 futbol klubu 2019-cu ildə beynəlxalq transfer reallaşdırıb. Bu, 2018-ci illə müqayisədə 15,4 faiz azdır. Ölkəmiz bu göstəricidə dünyanın 111-cisidir. Rekord isə Braziliya məxsusdur. Bu ölkənin 306, Almaniyanın 144, İspaniyanın 130 klubu transferlərdə iştirak edib. Qitələrə gəlincə, UEFA-nın 1914, KONMEBOL-un 668 klubu transfer bazarına qatılıb.

2019-cu ildə Azərbaycana 72 futbolçu xaricdən transfer olunub. Bu, bir il əvvəlki ilə müqayisədə 6,5 faiz azdır. Ölkəmiz bu rəqəmə görə dünyanın 77-cisidir. Braziliya (831), İngiltərə (694) və Portuqaliya (654) ilk “üçlük”də yer alıb.

Ötən il 56 futbolçu Azərbaycandan xarici kluba keçib. 2018-ci illə müqayisədə bu rəqəm 3,4 faiz azdır. Nəticədə ölkəmiz dünyada 85-cidir. Braziliya (948), İngiltərə (874) və İspaniya (729) ilk “üçlük”də yer alıb

Klublarımızın il ərzində aldığı futbolçular üçün 400 min dollar xərcləyib. Bu, dünyada 59-cu göstəricidir. Bir il əvvəl bu rəqəm 83,3 faiz təşkil edirdi. İngiltərə (1518,7 milyon), İspaniya (1286,6 milyon) və İtaliya (873 milyon) futbolçu idxalına ən çox vəsait yatıranlardır.

Azərbaycandan gedən oyunçular klublarına 0,3 milyon dollar qazandırıb. Bu göstəricidə 81,1 faiz geriləyən ölkəmiz dünyada 98-cidir. İngiltərə (968,3), Fransa (935,3) və İspaniya (912,8) ön sıralarda yer alıb.

Azərbaycan klubları 2019-cu ildəki transferlərdən 100 min dollar ziyana düşüb. 400 minlik oyunçu alıb, 300 minlik satan təmsilçilərimiz mənfi saldoya imza atıb. Bu, dünyada 24-cü göstəricidir. Portuqaliya oyunçu satışından daha çox 384 milyon qazanıbsa, İngiltərə 549,9 milyon itirib. (apasport.az)

COP29