Azərbaycan partiyaları daxili seçkiyə “yox” deyir-Namizədlər necə müəyyənləşdiriləcək?
Bəkir Həsənbəyli: “Bizdə bu amil nəzərdə tutulmayıb”
Razi Nurullayev: “Yerlərin bölüşdürülməsi və praymerizin keçirilməsi partiyada heç zaman kəskin rəqabət yaratmadığından…”
Zöhrab Abdullayev: “Namizədin müəyyənləşməsində daxili səsverməyə ehtiyac görmürük”
Arzuxan Əlizadə: “Daxili sorğu keçiririk”
Qarşıdan parlament seçkiləri gəlir. Bir sıra sivil ölkələrdə partiyalar seçkilərdə iştirak edəcək öz namizədlərinin seçilməsini partiya üzvlərinin ixtiyarına verərək, bu istiqamətdə praymerz keçirirlər. Vaxtilə ölkəmizdə proporsional seçki ləğv edilənə qədər Müsavat Partiyası da həmin sistem üzrə namizədlərini daxildə keçirilən ilkin seçki yolu ilə müəyyənləşdirmişdi. Lakin sonradan bu ənənə unuduldu. Görəsən, bu dəfə partiyalar namizədlərini müəyyənləşdirmək üçün daxili seçki keçirəcəklərmi?
Ümid Partiyasının nümayəndəsi Bəkir Həsənbəyli Yenicag.az-a açıqlamasında suala bir kəlmə ilə cavab verdi: “Bizdə bu amil nəzərdə tutulmayıb”.
AXCP sədrinin müavini Razi Nurullayev rəqabət olmadığından daxili seçki məsələsinə ehtiyac olmadığını dedi: “Partiyada parlament seçkilərinə namizədlərin müəyyənləşdirilməsi istiqamətində iş gedir. Hələlik, təşkilatımızda yerlərin bölüşdürülməsi və bir dairədən bir neçə nəfərin namizədliyini vermək istəyi ortaya çıxmayıb ki, onlar üçün ilkin seçki keçirək. Belədə, namizədlərin müəyyənləşməsi üçün daxili seçki məsələsi gündəmə gəlməyib. Hesab edirəm ki, partiyada yerlərin bölüşdürülməsi ilə bağlı problem olmayacaq və praymerizin keçirilməsinə ehtiyac da qalmayacaq. Yerlərin bölüşdürülməsi və praymerizin keçirilməsi partiyada heç zaman kəskin rəqabət yaratmadığından belə ilkin seçkinin keçirilməsi də yəqin ki, olmayacaq”.
BAXCP-nin baş katibi Zöhrab Abdullayev də daxili seçkilərlə namizədin müəyyənləşməsinə lüzum görmədi: “Seçkilərdə namizədlərin kimlər olacağı ilə bağlı sadəcə daxili müzakirələrimiz olur. Məsələ İdarə Heyətində müzakirə olunur. Partiya daxilində çəkişməli problemimiz olmur. Parlament seçkilərində dairələrin çoxunu əhatə etdiyimizə görə, bu istiqamətdə problemimiz yoxdur. Bir dairədən iki nəfər vermək istəyirsə, hansının daha münasib olduğuna baxırıq və onu da müdafiə edirik. Ona görə də, namizədin müəyyənləşməsində daxili səsverməyə ehtiyac görmürük. Rayonlarda namizədlərin kim olacağını partiyanın yerli şöbəsi təyin edir. Amma mərkəzdə işləyən aparat üzvü rayonlardan hansısa birində daha çox nüfuz sahibidirsə, bu məsələ də yerli təşkilatla müzakirə olunur və onların razılığı alınır. Yerli təşkilat razı olmadığı təqdirdə rayondan öz namizədlərini verirlər. Daxili seçkilərə getmirik. Partiyada onsuz da razılaşma var. Bütün məsələlər üzrə kollegial orqanlarda hər kəsin fikri dinlənilir. Yekun səsvermə ilə azlıq çoxluğa tabe olur”.
AMİP-in baş katibi Arzuxan Əlizadə məsələni daxili sorğu ilə həll etdiklərini dedi: “Beynəlxalq praktikada seçkilərə namizədlərin müəyyənləşməsi üçün partiya daxilində ilkin seçkilərin keçirilməsi təcrübəsi var. Partiyalarda hansısa bir regionda kimin namizədliyinin daha uğurlu ola biləcəyini öyrənmək üçün daxildə ilkin seçki keçirilir. Azərbaycanda isə 2000-ci il referendumu ilə proporsional seçki sistemi ləğv olunub. Partiya nümayəndələri indi ancaq majoritar qaydada namizədlərini müəyyənləşdirir. Buna baxmayaraq, təşkilatda kimlərin reytinqinin hansı dairədə daha nüfuzlu olması ilə bağlı daxili sorğu keçiririk. Düzdür, bu seçki formasında olmur. Son təcrübəmiz 2010-cu ilin parlament seçkilərində olub. Partiya 75 dairədən namizəd irəli sürmüşdü. O zaman sorğu keçirdik, yekunda siyahının dəqiqləşdirilməsi ilə bağlı ali orqan olan Mərkəzi Şurasının iclası çağırıldı və burada məsələ barədə yekun qərar qəbul olundu. Mərkəzi Şura partiya üzvlərinin reytinq dərəcəsini müəyyənləşdirərək, eləcə də, eyni dairədən bir neçə nəfərin olması halında onlar arasında kompromis varianta gələrək, sonda yekun siyahını təsdiq etdi. İndi də kimlərin namizədinin daha uğurlu olacağı ilə bağlı daxili sorğularımızı keçirməyə başlamışıq”.
Elçin