“Azərbaycan TANAP və TAP-la bağlı xərclərdən imtina etməli…”-Ekspert
İqtisadçı ekspert Natiq Cəfərli TANAP və TAP layihələri ilə bağlı maraqlı təklif irəli sürüb. Neft və qaz sektorunda yaşanan duruma diqqət çəkən həmin məqaləni qısa ixtisarla təqdim edirik:
“Azərbaycanın TANAP və TAP layihələrinə start verməsini həmişə dəstəkləmişəm, amma tez-tez də vurğulamışam ki, indiki şərtlərlə və bazarın inkişaf perspektivlərinə görə hər iki layihə kommersiya baxımından sərfəli olmaya bilər, bunun üçün dekabrın əvvəlində hökumətə təkliflər də vermişdim (link şərhlərdə), sonra bir daha bu məsələyə qayıtdım, yanvar ayında fikirlərimi əsaslandıraraq yeni məsələ yazdım.
Münhendə keçirilən konfransda Azərbaycan Prezidenti ilk dəfə olaraq iri qaz layihələri haqqında pessemist danışdı, sitat: “Hazırda neftin bir barrelinin qiymətinin təqribən 50 dollardan yüksək olması bu layihənin kommersiya nöqteyi-nəzərindən dayanıqlı olmasını çətinləşdirir”( http://az.apa.az/news/371881).
Bir ay öncə yazdığım məqalədən sitat: “Şahdəniz-2, TANAP və TAP layihələrinin ümumi dəyəri az qala 50 mlrd. dollara çatır və uzun müddət bu layihələrdən gəlir olmayacaq, ancaq qoyulmuş vəsaitin geri götürülməsi prosesi olacaq. Həm də, qazın qiyməti, yuxarıda yazdığım kimi, enir və yaxın illərdə enməkdə də davam edəcək, yəni bu layihənın rentabelliyi sual altına düşür”.
Görünən odur ki, Prezident hələ də bu iri layihələrin rentabelliyinın neftin qiymətinin aşağı olması ilə izah edir. Halbuki, 2016-cı ildən qazın qiyməti neftdən tam ayrılacaq, müstəqil qiymət formalaşdırılması formuluna keçəcək, yəni gələcəkdə neft qalxsa belə, qazın qiymətinə bunun təsiri olmayacaq. Yaxın illər dünyada qaz bolluğu illəri olacaq.
Burada müxtəlif maraqlar var: 1) Avropa bilir ki, yaxın 5 ildə qaz bolluğunda üzəcək, ona görə də, nə NABUCCO, nə də TANAP, TAP layihələrinə ciddi maraq göstərmədi, çünki yatırım etmək istəmir, məntiqi budur ki, qaz satmaq istəyən, öz qazını gətirsin-satsın, biz də qapımızın ağzında alaq, 2) Azərbaycan hakimiyyətinin marağı budur ki, iri qaz layihələri fonunda Qərblə anlaşsın və onlardan siyasi dəstək qazansın, bundan əlavə maraq budur ki, neft azalanda, qaz gəlirləri ilə ölkəni vəziyyətdən çıxartsınlar, 3) Türkiyənin marağı budur ki, enerji xabı olsun, bütün borular üzərindən keçsin.
Qaz bazarının öz xüsusiyyətləri var, hansı ölkənin nə qədər qaz ehtiyatı olması 2-ci dərəcəli məsələdir, əsas məsələ, ölkə ildə bazara nə qədər qaz çıxartma qabiliyyətinin olmasıdır. Bizim 2020-ci ildə Avropa bazarına çıxaracağımız qazın həcmi 10-12 mlrd kub/metrdir, bu isə çox az rəqəmdir, heç Macarıstanın belə illik ehtiyacını tam ödəmir.
Çıxış yolu nədir: Azərbaycan TANAP və TAP-la bağlı xərclərin böyük bir qismini öz üzərinə götürməkdən imtina etməli, payının bir hissəsini satışa çıxarmalıdır. Borulara çəkilən xərcləri azaltmağın yolları araşdırılmalı, daha ciddi nəzarət mexanizmləri işlənməlidir. Əgər mümkünsə, bu layihələrdən imtina edib qazın Avropaya çatdırılmasının daha optimal yolu olan “AGRİ” layihəsinə bir daha nəzər yetirməlidir. Həmin layihədə qazın Gürcüstandan tankerlər vasitəsilə Rumıniyaya çatdırılması nəzərdə tutulurdu. Layihə çox ucuz başa gələ bilər, qaz yenə Avropaya çatacaq və bu, Şərqi Avropanın Rusiya qazından asılılığının azaldılmasında mühüm rol oynaya bilər. Artıq bütün dünya qaz daşımalarında böyük, bahalı boru layihələrindən imtina edir, tankerlə daşımalara üstünlük verir, bu həm xərcləri azaldır, həm də qazın çatdırılmasının effektivliyini, mobilliyini artırır. Bu gün yeni nəsil, içində qazın sıxılması üçün mini-zavod da olan tankerlər Cənubi Koreyada artıq istehsal olunur, belə bir tankerin qiyməti həcmindən asılı olaraq 190-300 milyon dollar arasında dəyişir. Belə tankerlər hər reysində 200 milyon kub/metrə qədər qazı sıxılmış şəkildə daşıya bilər, yəni 3 belə tanker alınsa, hərəsi ayda cəmi 3 reys etsə, ayda 1,8-2 mlrd. kub\metr qaz daşımaq mümkündür. Bu isə Azərbaycanın Avropaya 2020-ci ildən sonra il ərzində sata biləcəyi qazın həcmindən 2 dəfə çoxdur, yəni, hətta, qaz istehsalımız artsa belə, tankerlərlə bunu daşımaq mümkündür. Rumınıyadan əlavə Bolqarıstanda da belə bir qaz qəbulu terminalı quraşdırıla bilər. Yəni, cəmi 1 mlrd. dollarla qazın Avropaya çatdırılmasını həll etmək olar. Daha ötəsi, kiçik həcmli, Xəzərdə üzə bilən gəmilər sifariş verməklə (öz gəmiqayərma zavodumuza, Cənubi Koreyanın iştirakı ilə), Türkmənistandan da qaz alıb, boru ilə Qara Dənizə ordan da, Avropaya çatdırmaq olar.
Bir sözlə, TANAP və TAP layihələrinin çəkilməsinə xərclənməsi nəzərdə tutulan 20 mlrd. dollardan çox vəsaitə qənaət etmək mümkündür. Təbii ki, Türkiyə bundan inciyə bilər, amma Türkiyə bizim qardaşımız, təbii müttəfiqimiz olsa da, ciblərimiz ayrıdır, onlar bunu anlaşıqlı qarşılaya bilərlər. Çünki, Türkiyə həm Rusiya, həm İran, həm İraq qazının Avropaya çatdırılmasında, onsuz da mühüm rol oynayacaq, enerji xabı olacaq, bu da qardaş ölkəmiz üçün də, bizim üçün də, çox yaxşı bir haldır”.
Yenicag.az