Reklam: High Technic
hightechnic

“Azərbaycan-Türkiyə əməkdaşlığı türk dövlətlərinin inteqrasiyası üçün əla modeldir” – Politoloq

Reklam: High Technic

“Prezident İlham Əliyevin təşəbbüsləri Türk dövlətləri arasında yaxınlaşmaya ciddi töhfə verir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında sentyabrın 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində baş tutmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitinin nəticələrini dəyərləndirən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli bildirib ki, Türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar var və onlardan maksimum istifadə olunmalıdır:

“Əvvəla, bu məqamı qeyd etmək istərdim ki, Azərbaycan hər zaman Türk dünyasının ideya mərkəzi kimi çıxış edib. On doqquzuncu əsrin sonları – iyirminci əsrin əvvəllərində vüsət alan bu tendensiya günümüzdə də davam etməkdədir. Azərbaycan doğrudan da, bu gün Türk milli düşüncəsinin əsas mərkəzlərindən biri və birincisidir.

Sözsüz ki, müstəqil Türk dövlətləri arasında əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılması dövrün tələbidir. Müsbət haldır ki, bunun üçün həm geniş imkanlar, həm də əlverişli zəmin var və bunlardan maksimum yararlanmaq lazımdır.

Türk dövlətlərinin ortaq dil, mədəniyyət və tarix amili bir arada olmağın ən ciddi stimuludur. Əlamətdar haldır ki, Türk dövlətlərinin analoji tədbirləri artıq daha geniş coğrafiyanı əhatə etməkdədir. Bu baxımdan, Özbəkistanın ümumtürk təşəbbüslərində fəallığı artırması xüsusi qeyd olunmalıdır. Digər tərəfdən, Çolpon-Ata sammitində Macarıstanın da təmsil olunması Türk Şurasının əhəmiyyətinin nə qədər yüksəldiyini göstərir.

Əlbəttə ki, Türk dövlətlərinin bir arada olmalarının əsas şərtlərindən biri iqtisadi platformadır. Bu ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi çox vacibdir. Bu məsələdə Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələr, özəlliklə də enerji layihələri böyük rol oynayır. Həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan logistik mərkəzlər də iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün əla imkanlar yaradır. Hesab edirəm ki, Türk dövlətləri bu imkanları layiqincə dəyərləndirəcəklər”.

Mirzəbəylinin sözlərinə görə, Türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsində dövlət başçılarının təşəbbüsləri mütləq qeyd olunmalıdır:

“Təbii, inteqrasiya prosesinin sürətlənməsində siyasi qərarlar böyük təsirə malikdir. Bu mənada Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsləri Türk dövlətləri arasında yaxınlaşmaya ciddi töhfə verir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında qərarın məhz Naxçıvanda baş tutan sammitdə qəbul edilməsi mütləq qeyd olunmalıdır.

Bu barədə danışarkən, Azərbaycan-Türkiyə münasibətlərinə və iki ölkənin prezidentləri – İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın münasibətlərinə toxunmamaq mümkün deyil. Prezidentlərin şəxsi münasibətlərindəki yaxınlıq ölkələrimizin daha da yaxınlaşmasına, digər türk dövlətlərinin də inteqrasiya proseslərinə cəlb edilməsinə güclü təkan verir. Etiraf olunmalıdır ki, Azərbaycan-Türkiyə əməkdaşlığı türk dövlətlərinin inteqrasiyası üçün əla modeldir.

Dövlət başçılarının rolundan bəhs edərkən, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ümumtürk birliyinə yönəlik mühüm ideyalarını da xatırlatmamaq olmaz. Müşahidələrimiz belə deməyə əsas verir ki, Özbəkistanın indiki rəhbərliyi də bu məsələlərdə müəyyən addımlar atmağa hazırdır. Bütün bu məqamlar gələcəkdə türk dövlətləri arasında əməkdaşlığın dərinləşdiriləcəyinə bağlı inamı daha da gücləndirir”.

A.Zeynalov

www.yenicag.az

413