Azərbaycan və İran yaxın vaxtlarda Rəşt-Astara dəmir yolunun tikintisinə başlayacaq.
Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Gilyan əyalətində jurnalistilərə verdiyi açıqlama zamanı bildirib.
İran prezidenti Rəşt-Astara dəmir yolu xəttinin əhəmiyyətindən danışıb və qeyd edib ki, bu yaxınlarda Moskvaya səfəri zamanı Rusiya rəsmiləri ilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsini müzakirə ediblər.
H.Ruhaninin sözlərinə görə, Qəzvin-Rəşt dəmir yolunun da tikintisi yekunlaşma mərhələsindədir: “Bu layihənin martın 20-də başlayan İranın cari təqvim ili ərzində istismara verilməsi gözlənilir”.
Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tam şəkildə fəaliyyət göstərməsi üçün Azərbaycan İranın Astaradakı dəmir yolu obyektlərinin inkişafına 60 mln. avro sərmayə yatırmağı planlaşdırır.
Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən Şimal-Cənub dəhlizinin bir hissədir. Bu, xətt eyni zamanda Azərbaycan, İran və Rusiya dəmir yollarını da birləşdirir.
İlkin mərhələdə bu dəhliz vasitəsilə ildə 6 mln. ton yük, növbəti illərdə isə 15-20 mln. ton yük daşınması planlaşdırılır. Yüklər Hindistan, Fars körfəzi, İran, Azərbaycan, Rusiya ərazisindən keçəcək və Skandinaviya ölkələri və Şimali Avropaya doğru 14 gün ərzində hərəkət edəcək.
Yeniçağ.Az
www.yenicag.az