Azərbaycan və Rumıniya arasında enerji, nəqliyyat-tranzit, sənaye və s. sahələrdə əməkdaşlığın inkişafı imkanları böyükdür.
Yenicag.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun Bakıda səfərdə olan Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolaku ilə keçirilən görüşdə qeyd olunub.
Görüşdə Rumıniya ilə münasibətlərin uğurla inkişaf etdiyi, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüş və tədbirlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələri genişlənir. Belə ki, 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb.
Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolaku ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, son zamanlar əlaqələrin daha da intensivləşdiyini qeyd edib, birgə iqtisadi layihələrin həyata keçirilməsinin perspektivləri barədə fikirlərini bölüşüb.
Tərəflər ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi, enerji əməkdaşlığının və iqtisadi münasibətlərin inkişaf istiqamətləri barədə müzakirə aparıblar.
www.yenicag.az