Azərbaycanda yeni fəaliyyətə başlayan “ASAN Viza” portalı vasitəsi ilə indiyədək 200-dək əcnəbiyə elektron viza verilib.
Bu barədə Trend-ə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov məlumat verib.
Onun sözlərinə görə, 16 dekabr 2016-cı il tarixində təqdimatı keçirilən “ASAN Viza” portalı bu il yanvarın 10-dan tam istifadəyə verilib.
Ötən ilin dekabrın 16-dan bu günədək viza almaq üçün portala 8500-ə yaxın müraciət daxil olub. Onlardan 200-ə yaxınına elektron viza verilib. Elektron viza almaq üçün daha çox müraciət edənlərin ilk beşliyinə İran, Almaniya, ABŞ, Böyük Britaniya, Hindistan və İsrail vətəndaşları daxildir.
A.Hüseynov bildirib ki, əcnəbilərə verilən elektron vizalar ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli vizalardır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il iyunun 1-də “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərman imzalayıb.
Fərmana əsasən, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində “ASAN Viza” sisteminin yaradılması təmin edilib.
Portalın yaradılmasında məqsəd Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik və şəffaflığın təmin edilməsidir.
“ASAN viza” sistemi fəaliyyətə başlayan müddətə qədər turistlər üçün elektron vizaların rəsmiləşdirilməsini Mədəniyyət və Turizm Nazirliyi tərəfindən akkreditasiyadan keçmiş, Xarici İşlər Nazirliyi tərəfindən elektron turist vizasının rəsmiləşdirilməsi hüququ qazanan 70 turizm şirkəti həyata keçirirdi.
Bu sistem yaradılana qədər Azərbaycanda elektron vizalar 5 iş günü müddətində verilirdi.
Yeniçağ.Az
www.yenicag.az