Azərbaycana qarşı beynəlxalq təzyiqə reaksiyalar
Elman Fəttah: “Hesabat obyektiv və Azərbaycandakı insan haqlarının vəziyyətini tam əks etdirən qərardır”
Elşən Musayev: “Bu tip təşkilatlar sanki “Azadlıq” qəzetinin bölgə müxbirləri kimi fəaliyyət göstərirlər”
Tahir Kərimli: “Amerika konqresi və dövlətindən maliyyələşərək, onların dövlət siyasətini aparırlar
Fuad Qəhrəmanli: “Hesabat Azərbaycandakı vəziyyətə adekvatdır”
“Amnesty İnternational” beynəlxalq insan haqlarını müdafiə təşkilatının
Hesabatında ayrı-ayrı bölmələr üzrə Azərbaycandakı vəziyyətin pisləşdiyi qeyd olunur.
Görəsən, bu hesabata siyasilərin münasibəti necədir?
Müsavat Partiyası başqanının müavini Elman Fəttah Yenicag.az-a açıqlamasında hesabatın obyektiv olduğunu dedi: “Amnesty İnternational” təşkilatı Azərbaycanla bağlı bölmədə ölkəmizdə 20-dən artıq vicdan məhbusunun olduğunu qeyd edib. Bu tamamilə obyektiv yanaşmadır. Çünki, hesablamalara görə, Azərbaycanda 30-a yaxın vicdan məhbusu və 100-dən artıq siyasi məhbus var. Təşkilatın yaydığı son hesabatı obyektiv və Azərbaycandakı insan haqlarının vəziyyətini tam əks etdirən qərar kimi dəyərləndirirəm. İqtidar bu kimi hesabatları yayan nüfuzlu insan haqları təşkilatlarını adətən antiazərbaycançı təşkilatlar kimi qələmə verir. Məsələdən bu şəkildə yayınmağa çalışır. Amma hökumətin davranışının nə olmasından asılı olmayaraq, Azərbaycanda insan haqlarının vəziyyəti acınacaqlı qalmaqda davam edir. “Amnesty İnternational” təşkilatının son hesabatı da Azərbaycan hakimiyyətinin son iki ildə apardığı ağır repressiv siyasətin nəticəsində özündə ortaya çıxan acınacaqlı insan haqlarının vəziyyətini əks etdirir”.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Yenicag.az-a açıqlamasında bildirdi ki, “Fredoom Hause”, “Amnesty İnternational” kimi təşkilatlar bəlli dövrlərdən etibarən bəlli xətt üzrə bəlli təyinatları həyata keçirirlər: “Onların fəaliyyəti hökumətin fəaliyyətini tənqid etmək, siyasi mənsubiyyəti olan bütün insanları siyasi dustaq elan etmək, Azərbaycan haqqında neqativ fikirlər yürütmək, bunu mediada, beynəlxalq konfranslarda səsləndirməkdən ibarətdir. Onların pulu bundan çıxır. Sanki hakimiyyəti söymək, onun gördüyü bütün işlərə qara rəngdə baxmaq onların kurasiyasına daxildir. Bu tip təşkilatlar sanki “Azadlıq” qəzetinin bölgə müxbirləri kimi fəaliyyət göstərirlər. Sanki Əli Kərimli hansı statusu yazırsa, hansı açıqlamanı verirsə, o detallar üzərində işləyirlər. Bu təşkilatlar alternetiv fikri dinləmək əzmi və gücündə deyillər. Azərbaycan yeganə ölkədir ki, burada hüquq müdafiəçisi institutu gözdən düşüb. Burada hüquq müdafiəçiləri hüquqdan başqa demək olar hər işlə məşğuldurlar. Bu gün həbsdə olan insanlar hüquq müdafiəçisi adı ilə maxinasiya edirsə, həqiqətən də bu institutun bərbad vəziyyətdə olduğunu söyləmək lazımdır. Hüquq müdafiəçiləri ilə bağlı konkret maddələrlə cinayət işi qaldırılıb. Onların bir çox cinayətləri təsbit olunub. Bunu özləri də etiraf edir, onlardan biri bu yaxınlarda prezidentə əfv üçün müraciət edib. Deməli, bu insanlar cinayət törətdiklərini boynuna alırlar. Azərbaycanda hüquq müdafiəçilərinin çoxu makler rolundadır. Onlar istənilən cinayətkarı bəlli pul müqabilində öz siyahılarına sala bilərlər. Bu fəaliyyətlərinin nəticəsidir ki, hazırda özləri işəridə oturublar. Çünki, dələduzlara Azərbaycanda yer yoxdur”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli bu təşkilatların xarici dövlətlərin maraqlarını təmin etdiyini söylədi: “Amnesty İnternational” təşkilatında maraqlıdır ki, Azərbaycan, Türkiyəni müdafiə edən şəxslər yoxdur, ancaq erməniləri müdafiə edən çoxlu şəxs burada kifayət qədər məskən salıb. Bu da ölkəmizlə bağlı hesabata ciddi şəkildə təsir edir. Azərbaycanda milyondan çox insanın qaçqın və köçkün vəziyyətinə düşməsinə göz yuman bir təşkilatdan hansı obyektivliyi gözləmək olar. Bütün bunlar onu deməyə əsas verir ki, həmin təşkilatlar həmin dövlətlərin birbaşa təsiri altındadır. Amerika konqresi və dövlətindən maliyyələşərək, onların dövlət siyasətini aparırlar. Bunlar heç də azad təşkilatlar deyil, öz dövlətləri və müəyyən dairələrin sifarişlərini yerinə yetirirlər. Öz ölkələrində insan haqları pozulmasına, irqi ayrı-seçkiliyin baş alıb getməsinə isə göz yumurlar. Azərbaycaa isə hədə qorxu gəlirlər. Bu da ölkəmizə haqsız olaraq yönələn birtərəfli, qərəzli məhsuldur”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı düşünür ki, hesabat Azərbaycandakı vəziyyətə adekvatdır: “Hesabatlarda məqsəd odur ki, hakimiyyətin diqqəti insan haqlarıpnda olan problemlərə yönəlsin. Təəssüf ki, Azərbaycan hakimiyyəti bu hesabatlardan nəinki nəticə çıxarmır, əksinə əks təbliğat kampaniyasına start verərək onun erməni lobbisinin sifarişi ilə hazırlandığı barədə absurd münasibət bildirirlər. Bunun nəticəsidir ki, artıq Azərbaycan iqtidarının adı avtoritar rejimlərlə bir sıradadır. Bu da rejimin təbiətini ifadə edir”.