“Azərbaycanda bəzi mətbuat vasitələri məlumatların yalnız mənfi tərəflərini işıqlandırır”

media-hightechnic-468x90

Semed Seyidov musahibe 201010-1 (1)“Azərbaycanda bəzi mətbuat vasitələri Avropa Şurası Parlament Assambleyasında (AŞPA) qəbul olunmuş sənədlərin və məlumatların yalnız mənfi tərəflərini işıqlandırmaqla məşğuldur.

Amma AŞPA-nın son sessiyasında belə Azərbaycanın ən ağrılı, işğal olunmuş torpaqları ilə bağlı həddindən artıq vacib sənəd qəbul olunub. Bu sənəddə işğal faktı birbaşa göstərilib, ermənilərin Azərbaycana qarşı təcavüzü qeyd olunub. Ən əsası da odur ki, Azərbaycanın ağrılı problemi ilə bağlı xüsusi məruzəçi təyin olunub”.

Bunu açıqlamasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qurumun payız sessiyasının nəticələrini şərh edərkən deyib.

S.Seyidov qeyd edib ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı Avropa Şurasının mövqeyi birmənalıdır və bu, Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsindən ibarətdir: “Bu mövqe konkret olaraq bu sessiyada bir daha özünü göstərdi. Ən maraqlısı da o oldu ki, Ermənistan mətbuatı AŞPA-nın Siyasi Komitəsinin iclasında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonu ilə bağlı təyin olunmuş məruzəçi və qəbul olunmuş sənədlə bağlı bir cümlə də olsun, yazmadı. Nə müxalifət mətbuatı, nə də iqtidar mətbuatı. Amma başqa vaxt ermənilər demokratiyadan danışırlar. Bu mövqeni zəiflətmək, bunun üstündən xətt çəkmək üçün təbii ki, hansısa qüvvələr işləyir və faktiki olaraq Azərbaycanın bu haqq sözünü Avropa Şurasından götürmək iqtidarında ola bilmədiklərinə görə müxtəlif xırda tənqidi məsələləri gündəmə gətirib nəyəsə cəhd etmək istəyirlər. O cümlədən AŞPA-nın qətnaməsində Azərbaycanla bağlı hansısa bənddən ibarət tənqidi məsələni belə ayrıca qabartmaq istəyirlər. Halbuki o qətnamə tək Azərbaycanla bağlı yox, ümumi kontekstdə formalaşıb”.

S.Seyidov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sessiyadakı çıxışını xatırladaraq deyib ki, Azərbaycan Avropa standartlarını ölkəyə gətirməklə, korrupsiyaya qarşı mübarizəni gücləndirməklə öz yolunu aydın göstərir: “Amma Azərbaycana qarşı istənilən qeyri-obyektiv yanaşma tərəfimizdən rədd ediləcək. Biz bunu onların nəzərinə çox aydın çatdırdıq”.

Qeyd edək ki, AŞPA – nın payız sessiyası sentyabrın 28-dən oktyabrın 4-dək Strasburqda keçirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600