“Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın İsraildən Azərbaycana silah satışı həyata keçirməsini dayandırmasını tələb etməsi məntiqsizlikdir”.
Yenicag.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında siyasi şərhçi İlkin Həsənov deyib. Onun sözlərinə görə, İrəvanın İsrailə qarşı hansısa tələb irəli sürməsi də bir qədər gülünc görsənir:
“Belə ki, İsrail Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Bu əməkdaşlıq təkcə İran məsələsiylə bağlı deyil.
Digər tərəfdən İsrail dünyada silah bazarındakı payını hər keçən gün sürətlə artırır. İsrail hərbi texnologiyalarının əsas alıcıları sırasında daha dəqiq desək, ilk beşlikdə Azərbaycan dayanır. Bu baxımdan İsrailin Azərbaycanla özəlliklə Ermənistanın tələbi əsasında Bakı ilə əməkdaşlığa son qoyması inandırıcı görünmür.
Mnatsakanyanın tələbi ilk dəfə səsləndirilən fikir deyil. Tovuz təxribatı bitdikdən dərhal sonra oxşar fikirlərlə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü də çıxış edərək, hətta İsraili beynəlxalq təşkilatlara şikayət edəcəklərini və buna hüquqi qiymət verilməsini istəyəcəklərini bildirmişdi. Doğrudur, İrəvan bununla bağlı istənilən addımı ata bilər və inandırıcı olmasa da, bəlli miqdarda müəyyən dəstək də qazana bilər, lakin bu, Təl-Əviv üçün elə də qorxulu deyil”.
Ekspert bildirib ki, Azərbaycanın İsrail istehsalı silah almasından narahat olan Ermənistan yaşayış məntəqələrinin vurulmasını bəhanə gətirir:

İ.Həsənov bildirib ki, ermənilər İordaniyadan silah alması məsələsini uğur kimi qələmə verməyə çalışır:
“Hətta hakimiyyətə yaxın bəzi saytlar İordaniyanı ABŞ-ın Yaxın Şərqdə yaratmaq istədiyi “ərəb NATO-sunun” əsas oyunçusu olduğunu və bu silahların Ermənistana verilməsinin mesaj olmasına dair məntiqsiz təhlillər təqdim edirlər. Doğrudur, İordaniya Yaxın Şərqdə önəmli ölkədir və o, ABŞ-dan çox, Britaniya ilə yaxındır. İordaniyanın önəmi ən azı Misir və Səudiyyə Ərəbistanı qədər deyil ki, belə məntiqsiz açıqlamalar verilsin.
İ.Həsənov Ermənistan tərəfinin İran rəsmiləri ilə görüşdən sonra belə bir tələb irəli sürməsinin təsadüfi olmadığını deyib. Ekspert Ermənistanın İsraillə İran arasında körpü rolunu oynamasının real görünmədiyini bildirib:
“Əslində, Ermənistan Müdafiə naziri David Tonoyanın İran səfiri ilə görüşdən öncə daha biri görüşü baş tutmuşdu. Bu Rusiya səfiri Sergey Kopırkinlə idi. Eyni gündə ABŞ səfiri Lin Treysi isə Ermənistan Baş Qərargah rəisi Onik Qasparyanla görüşmüşdü. Maraqlısı isə bu görüşlərin Türkiyə qoşunlarının Azərbaycana gəlişi ilə eyni vaxta təsadüf etməsi idi.
Əslində, İran üçün indiki durum elə də qaneedici deyil. Tovuz təxribatı zamanı döyüşün getdiyi bölgələrdən keçən qaz kəmərlərindən birində məhz İranın da payı var. Bu isə sərt ABŞ sanksiyalarına məruz qalan və böyük gəlirlərdən məhrum olan İrana üçün elə də arzuolunan bir şey deyil. Bununla belə İran üçün hazırkı durumda iqtisadi maraqlardan çox milli təhlükəsizlik maraqları daha çox üstünlük təşkil edir. Belə ki, son Tovuz təxribatı məhz İran böhranı fonunda baş verir. Daha dəqiq bu təxribat sayəsində Azərbaycana qarşı aparılan hibrid savaş yavaş-yavaş öz pik nöqtəsinə çatmağa başlayır. İran isə bu hibrid savaşın həm də onunla bağlı olduğunu bilir. Tehran həm də anlayır ki, özü üçün ən böyük təhlükə məhz şimaldan gəlir. Ona görə ki, İranın şimal-qərb bölgəsi ölkənin həm beyni, həm də vuran ürəyidir.
İran həm ABŞ sanksiyaları qarşısında çıxış yolunun Rusiya olduğunu anlayır, həm də Türkiyənin burada güclənməsi və ya Qərblə Bakının əlaqələrinin güclənməsinin özü ağır təhdid olduğunu başa düşür. Bununla İran maksimum şəkildə özünü Azərbaycanla bağlı situasiyada zəmanət altına çalışacaq. Çünki İran Rusiyaya da güvənmir və onun tez-gec yollarının ayrılacağını bilir. Tehran məhz bu məqamları nəzərə alaraq İrəvanla görüşə gedir.
Ermənistanın İranla İsrail arasında hansısa körpü rolunu oynaması qətiyyən mümkün deyil. Bunun üçün İrəvanın potensialı yetərli deyil. Hətta Azərbaycanda bu imkan İrəvandan dəfələrlə çoxdur”.
www.yenicag.az