“Azərbaycanda Nobel alacaq səviyyədə yazıçı yoxdur”
Yazıçı Əkrəm Əylisli Nobel Sülh mükafatının builki qalibləri ilə bağlı fikirlərini bölüşüb.
Builki Nobel Sülh mükafatına namizəd göstərilən Əylisli Azərbaycanda bu mükafatı alacaq səviyyədə yazıçı olmadığını bildirib:
“Azərbaycanda Nobel alacaq səviyyədə yazıçı yoxdur. Yazıçı ilk olaraq şəxsiyyət olmaldır. Bu gün bir hakimiyyət gəldi onunla yola gedim, sabah başqası ilə. Əgər nə vaxtsa sülh mükafatı Azərbaycana gəlsə bu, nə ədəbiyyat, nə də elm sahəsində olacaq.
Qalib gələn fəallar insan haqları sahəsində güman ki, böyük fədakarlıqlar ediblər. Mən öz missiyamı yerinə yetirdiyimi o vaxt bildim ki, 13 nəfər tanmadığım, heç bir lobbiyə aidiyatı olmayan insanlar mənim düşündüyüm kimi düşündülər. Onlar da hesab etdilər ki, “Daş yuxular” Azərbaycan xalqının şərəfini qorumaq üçün yazılıb. Onlar bu fikrimi təsdiqləyəndə öz mükafatımı almış kimi oldum. Həyat davam edir. Bu da taleyimin bir mövsümü, fəsli idi, gəldi keçdi. Qazandığım isə o oldu ki, Azərbaycandan Nobelə namizəd oldum. İndiyə qədər olanlar ara söhbətlər idi”.
Yazıçı Əli Əkbərin “Əkrəm Əylisli Ramiz Mehdiyevi tənqid etsin” fikrinə də münasibət bildirib: “Ramiz Mehdiyevi özü tənqid etsin. İsveçdə oturub, onun üçün münbit şərait var. Əli Əkbər İsveçdə elə şeylər yazır ki, onu Maştağada da oturub yaza bilərdi. Mən başa düşmürəm, Ramiz Mehdiyevi tənqid yaxud təbliğ etməyin ədəbiyyata nə dəxli var? Mən indiyə kimi sensassiya xətrinə heç nə etməmişəm”.