Azərbaycanda orta aylıq əmək haqqı 452 manatdır
Bu il mayın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1504,7 min nəfər olub, onlardan 874,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 630 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Yenicag.az xəbər verir ki, muzdla işləyənlərin 22,5%-i təhsildə, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,1%-i sənayedə, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7%-i tikintidə, 4,6%-i nəqliyyat və anbar təsərrüfatında, 3,8%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7%-i informasiya və rabitə sahəsində və 17,9%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Bu ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 452,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.