Bu ilin yanvar-iyun aylarında respublikanın avtomobil yollarında 806 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz az yol-nəqliyyat hadisəsi baş verib.
Dövlət Statistika Komitəsindən Yenicag.az-a bildiriblər ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,4 faiz azalaraq 1074 nəfər olub. Onlardan 311-i ölüb, 763-ü isə xəsarət alıb. Hadisələrin 39,5 faizi gündüz, 38,7 faizi gecə, 21,8 faizi isə toran vaxtı baş verib, 30,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 91,2 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində ölənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 12,1 faiz artaraq 250 nəfər, xəsarət alanların sayı isə 6,5 faiz azalaraq 728 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,5 faizi (2,2 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 19 faizi (1,9 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin 79,7 faizini, xəsarət alanların isə 75 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş verib. Nəticədə 12 nəfər ölüb, 19 nəfər xəsarət alıb. Belə hadisələrin 69,6 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Cari ilin yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artaraq 1619,7 min olub. Xətaların 50,3 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox), 13,9 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (52,6 faiz çox), 12,4 faizi dayanma və ya durma qaydalarının pozulması (15,5 faiz çox), 10,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (4,5 faiz çox), 3,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (56,5 faiz çox), 3 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (17,7 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
Qaydaların pozulmasına görə 34,1 milyon manat məbləğində cərimələr tətbiq edilib.
www.yenicag.az