Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana silah satışına yönəlik embarqonun ləğvinə çağırışlar intensivləşir.
Yenicag.az xəbər verir ki, Çexiya Müdafiə Sənayesi Assosiasiyasının prezidenti Yirji Qinek Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycana silah satışına (əsasən, uçuş aparatları) qoyduğu embarqonu götürməyə çağırıb.
Qinekin fikrincə, Aİ dünyanın əsas silah alıcılarından biri olan Azərbaycan bazarında təşəbbüsü ələ almaq üçün o ölkəyə silah ixracının tətbiqi məsələsinə baxmalıdır (Haqqın.az).
“Brüsselin Aİ ölkələrinə Azərbaycana silah satışına icazə verməsinin zəruriliyini düşünürəm. İstərdim ki, Çexiya və Aİ-nin digər ölkələri Rusiyanı Azərbaycanın silah bazarından sıxışdırsınlar”.
Qinekin bu çağırışı onu göstərir ki, Avropanın əsas silah istehsalçıları Azərbaycana qarşı embarqonu götürməklə, ölkənin bazarına daxil olmağın vacibliyini qəbul etməkdədirlər.
Bu çərçivədə mühüm məqamlardan biri də Aİ ölkələrinin Azərbaycanın silah bazarında təşəbbüsü ələ alaraq, iqtisadi fayda ilə yanaşı siyasi dividend də götürmək niyyətində olmalarıdır.
Mövzu ilə bağlı Yenicag.az-a danışan polkovnik Şair Ramaldanov bildirib ki, hazırda qüvvədə olan embarqonun götürülməsi ehtimalı var. Bununla belə, Azərbaycan Aİ-nin silah embarqosu şəraitində də öz hərbi arsenalını gücləndirmək imkanındadır:
“Əlbəttə, Avropa İttifaqı ölkələrinin Azərbaycana qarşı silah embarqosu götürülə bilər. Ancaq alınmalıdır ki, bu embarqonun xüsusi əhəmiyyəti yoxdur. Çünki Azərbaycan həmin silah növlərini digər ölkələrdən ala bilir və o mənada dediyimiz embarqo hər hansı təsirə malik deyil.
Silah ixracatçısı olan ölkələr bilirlər ki, Azərbaycan iqtisadi vəziyyətinə görə onlardan silah almağa imkanı çatan dövlətlərdən biridir və onu silah bazarından məhrum etmək düzgün olmazdı. Yəni bu məsələdə iqtisadi amilin rolu böyükdür.
Digər məqama gəldikdə, Azərbaycan silah alışı zamanı bir neçə vacib prinsipi əsas götürür: birincisi, silahın müasirliyi, ikincisi, alınan silahların hücumda, yaxud da müdafiədə (Qarabağın işğaldan azad edilməsində tətbiq imkanları), üçüncüsü, istehsalçı ölkənin mövqeyi və nəhayət, alınan silahların idarə olunmasının sadəliyi və qiyməti.
Azərbaycanın hansı silah bazarına üz tutması da məhz bu prinsiplər əsasında müəyyənləşdirilir – yəni bu tələblər çərçivəsində silahın hansı ölkədən alınması mühüm deyil. Ümumiyyətlə, Azərbaycan təqribən 20 ölkədən silah alır. Hər halda, məntiqlə seçilmiş həmin prinsiplər gələcəkdə də dəyişməyəcək”.
A. Zeynalov
www.yenicag.az