Azərbaycanın quru sərhədləri niyə BAĞLIDIR? – “Böyük qaçqın ordusu fonunda...”
“İsrailin həmin silahlarla təmin olunması müharibənin xarakterini tamamilə dəyişə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O, İran-İsrail münaqişəsinin aktiv fazaya keçməsi və ABŞ-nin müdaxiləsinin gələcək proseslərə təsirindən danışıb.
Deputat bildirib ki, 5 gündür başlayan açıq müharibənin nə zaman bitəcəyi bəlli deyil:
“İsrailin baş naziri Benyamin Netanyahu nə qədər lazımdırsa, o qədər də davam ediləcəyi ilə bağlı bəyanat səsləndirdi. Qarşıda isə üç hədəfin olduğunu vurğulayıb: İranın nüvə obyektlərinin sıradan çıxarılması, ballistik raketlərin istehsal mərkəzlərinin məhvi və İranda siyasi rejimin dəyişdirilməsi”.
Onun sözlərinə görə, vəziyyəti dramatikləşdirən məsələ ABŞ Prezidenti Donald Trampın ölkəsinin yalnız vətəndaşlarına zərər gələcəyi təqdirdə müharibəyə qoşulacağını deməsidir:
“Bu gün isə mediada ABŞ-nin vakum bomba daşıyan hava tankerlərinin Atlantik okeanı boyunca hərəkətinin qeydə alındığı ilə bağlı xəbərlər yayılır. İsrailin həmin silahlarla təmin olunması müharibənin xarakterini tamamilə dəyişə bilər. Trampın Tehranın boşaldılması çağırışından sonra böyük insan köçü əmələ gəlib. Hadisələr indidən sonra ən təhlükəli ssenarilər üzrə inkişaf edə bilər. Böyük qaçqın ordusu fonunda Azərbaycanın İranla sərhədinin bağlı olması məntiqlidir. Azərbaycanın prinsipial mövqeyi var – münaqişənin danışıqlar və diplomatik yolla dinc həlli, mülki əhalinin zərər görməməsi”.
Həmçinin E. Nəsirov vurğulayıb ki, İran elmi göstəricilər cəhətdən xeyli inkişaf edib:
“Onlar nüvə texnologiyası sahəsində irəliləyiş əldə ediblər. Ballistik raketlər və PUA-lar baxımından da ötən illərə nəzərən inkişaf göstərdilər. Rusiyanın Ukrayna ilə müharibədə İran PUA-larından istifadəsi mütləq nəzərə alınmalıdır. Yüzlərlə raketin eyni anda hücumunun qarşısında İsrailin hava hücumundan müdafiə sisteminin onları tamamilə dəf etmək iqtidarında olmadığının da şahidi olduq. Bir sözlə, əgər böyük güclər məsələyə qarışmazsa, regionda barıt çəlləyi partlaya bilər”.
Nəsimi Ələsgərli