İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının investisiya naziri, iki ölkə arasında Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdül-Əziz Əl-Falih ilə görüşüb.
Yenicag.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazir Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri arasında işgüzar münasibətlərin genişləndiyini vurğulayıb. Nazir iqtisadiyyatın prioritet sahələrinə, o cümlədən sənaye, enerji və kənd təsərrüfatı sahələrinə investisiya qoyuluşu, Səudiyyə Ərəbistanı investorlarının işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində iştirakı imkanlarını qeyd edib.
Xalid bin Əbdül-Əziz Əl-Falih isə ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin, aparılan müzakirələrin iqtisadi-ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, yeni birgə layihələrin icrası perspektivlərindən danışıb.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişafı, investisiya sahəsində yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdən sonra rəsmilər sahibkarlarla görüşüb, biznes dialoqun genişləndirilməsini müzakirə edib, təklifləri dinləyiblər.
www.yenicag.az