Azərbaycanlı rəqqasə Nigar Köksal maraqlı açıqlamaları ilə diqqət çəkib.
Yenicag.az rəqqasə ilə müsahibəni təqdim edir.
– Nigar xanım, zaman sizi haradan götürüb haraya gətirdi?
– Çox uzun bir yol gəldim. Yuxarıdan aşağıya, yenidən aşağıdan yuxarıya gəldim.
– İndi olduğunuz mövqedən razısınızmı?
– Hələ ki, yox. Amma məqsədimə çatmağıma çox az qalıb.
– Xarakter olaraq necə birisiniz?
– Olduğum kimiyəm. Zamana və məkana görə dəyişmirəm.
– Niyə məhz rəqqasə oldunuz?
– Mən rəqqasəliyi sevdiyim üçün seçməmişəm. O vaxt uşaqlarım balaca idi. İşləməyə məcbur idim. Ali savadım da var. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Amma indi işimi çox sevirəm.
– Nə olmamalı idi, amma oldu?
– İki il sənətimdən uzaqda qalmamalı idim, amma qaldım. Daha gəlirli bir sahəyə getdim, amma sonra anladım ki, maddiyyatın yox, sənətimin ardınca getməliyəm.
– Nə vaxtsa öz əlinizlə baltalamısınızmı?
– Xeyr, öz ağlıma getmişəm və heç vaxt uduzmamışam.
– Bədəninizin hər hansı bir yerində plastik cərrahiyyə etdirmisinizmi?
– Xeyr, heç buna lüzum da görməmişəm.
– Bədəninizin ən cazibədar hissəsi haradır?
– Ayaqlarım.
– Özünüzə kişi gözü ilə baxanda nə düşünürsünüz?
– Fikirləşirəm ki, bu yaşa çatmışam, iki uşaq anasıyam, amma bir dəfə də olsun plastik əməliyyat etdirməmişəm.
– Gözünüzdən nə düşüb?
– İnsanlar.
– Bəs gözünüz nəyə düşüb?
– Tam səmimi deyirəm, gözüm heç nədə qalmır. Şükürlər olsun, nə istəmişəmsə, Allah yetirib.
– Qaçdıqca nəyə çata bilmirsiniz?
– Zamana çatmaq istəyirəm, amma çata bilmirəm.
– Əlinizdən nə çıxdı?
– Ailəm. Yoldaşımla kağız üzərində evli qalmışıq, amma ayrı yaşayırıq. Lakin biz barışacağıq, niyyətim də budur.
– Həmkarlarınızın işi sizi qane edirmi?
– Hamımız eyni işi görürük. Hansı rəqqasə Azərbaycanı dünyada tanıdıb? Amma mənim üçün Azərbaycanda əsl sənət göstərən yeganə rəqqasə Aygündür. Onun həm gözəlliyi, həm də sənəti var.
– Masanın üstünə çıxıb oynamağa necə baxırsınız?
– Normal. Mən də çıxıram. Hər bir rəqqasə onu edir. Heç kim deyə bilməz ki, etməmişəm. Rəqsin gözəlliyi budur. Kimlər deyir ki, stolun üstündə oynamamışam, onlar yəqin ki, yataqda oynayıblar.
– Sinənizə ən çox nə qədər pul basıblar.
– Bir dəfəyə 48 min avro basıblar. Ən çox onda olub.
– Nəyə “yox” deyirsiniz?
– Həyatımdan gedənlər mənim üçün öldü deməkdir. Amma həyatımda bir nəfər var ki, onun gedişi ilə barışmaram. O da rəfiqəm Günaydır. O, mənim pis günümdə də, yaxşı günümdə də yanımda olub.
– Mən axı nə biləydim ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.
– Mən nə biləydim ki, varlığımla bəzilərinə narahtlıq verəcəyəm və onlar üçün bir qorxu mənbəyinə çevriləcəyəm./365.az