Son zamanlar “Azərpoçt” MMC-nin loqosu ilə qurumun adından vətəndaşların mobil telefonlarına saxta mesajlar daxil olur.
Yenicag.az-ın MMC-yə istinadən verdiyi məlumata görə, mesajların mövzusu təxminən belədir: “Təbriklər, “Azərpoçt” istifadəçiləri. Daxil olduğunuz üçün təşəkkür edirik! Yeni “Samsung Galaxy 10” cihazını qazanmaq üçün sizə daha bir şans veririk. Tək edəcəyiniz düzgün hədiyyə qutusunu seçməkdir”.
Mesajda yazılanları icra edən vətəndaşlardan bank kartının nömrəsi tələb olunur. Müəyyən məbləğ ödədikdən sonra hədiyyəsini ala biləcəyi qeyd edilir. Beləliklə, mesajda yazılanlara aldanan vətəndaşların bank kartlarında olan hesablarındakı vəsait mənimsənilir.
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti bu cür hallarla rastlaşan vətəndaşların nəzərinə çatdırır ki, internetdən istifadə zamanı veb brauzeriniz sizi başqa bir sayta yönləndirirsə, bu, o deməkdir ki, sizin mobil qurğu və ya kompüter zərərli proqramla (“adware”) yoluxub. Bu halda telefonunuza həmin saytdan arzuolunmaz “pop-up” reklamlar gəlir, eyni zamanda, zərərli proqramlar yüklənir. Bundan başqa, qarşınıza çıxan reklam bannerində “Əgər 18+ yaşınız varsa, kliklə” mesajı ilə bu saytdakı bildirişlərə abunə olmağınız istənilir. Əgər “İcazə ver” düyməsini “klik”ləsəniz, brauzerinizin bağlı olmasına baxmayaraq, saxta “pop-up” reklamları mobil qurğunuzun ekranında və ya kompüterinizin işçi masasında (desktop) görünməyə başlayacaq. Bu tip veb saytlar istifadəçinin internet brauzerindən IP ünvanı, veb-brauzerinin versiyası, istifadəçinin ölkəsi və s. kimi müxtəlif məlumatları oxuyur”, – deyə “Azərpoçt”un məlumatında deyilir.
Məqsəd böyük məbləğli pullar və ya uduşlar vəd edərək istifadəçiləri aldatmaqdır. Problemin həll olunması üçün “Windows” idarəetmə panelindən istifadə edərək, son yüklənilən zərərli (istifadəçinin xəbəri olmadan) proqramları kompüterdən təmizləmək, “Chrome” və ya digər brauzerlərin tənzimləmələr bölməsindən həmin resursdan olan uzantıları (“extension”) silmək tələb olunur: “Brauzerinizdəki uzantılardan hansının zərərli olduğunu bilmədiyiniz halda bütün uzantıları silməyiniz tövsiyə olunur. Mobil telefonunuzu və ya kompüterinizi etibarlı (lisenziyalı) antivirus proqramı ilə yoxlayın (skan edin) və viruslardan təmizləyin”, – deyə MMC-nin məlumatında bildirilir.
“Azərpoçt” MMC və Elektron Təhlükəsizlik Xidməti məsələ ilə bağlı araşdırmaları davam etdirir.
“Azərpoçt” MMC belə hallarla qarşılaşan vətəndaşların nəzərinə çatdırır ki, mobil telefonlara göndərilən bu cür saxta mesajların quruma heç bir aidiyyəti yoxdur.
www.yenicag.az